Bu yay istirahət daha baha olacaq: Tbilisi-Bakı qatarı qiymətləri yüksəldir
Yay mövsümünə sayılı günlər qalıb və Azərbaycanda, xüsusilə bölgələrdə yerləşən hotel və istirahət komplekslərinə maraq artır.
Son illər turizm sektorunda müşahidə olunan bahalaşma tendensiyasının bu yay da davam edib-etməyəcəyi müzakirə olunan mövzulardandır. Bəs bu yay istirahət mərkəzlərində qiymətlər ötən illə müqayisədə necə dəyişəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə bildirib ki, yay mövsümündə turizm qiymətlərinin enməsi gözlənilmir.

Ekspert qeyd edib ki, yayda turist axını artacaq, qiymətlər isə ucuzlaşmayacaq:
“Yay mövsümünün başlaması ilə birlikdə ölkəyə gələn turist sayında ciddi artım gözlənilir. Çünki bu, hər il ənənəvi olaraq belədir. Qiymətlərin aşağı düşəcəyi gözlənilmir. Ümumiyyətlə, həm ərzaq məhsullarının, həm də nəqliyyat xidmətlərinin qiymətlərində ucuzlaşma baş vermədiyindən, turizm sektorunda da qiymətlərin enməsi real görünmür”.
Cabir Dövlətzadə əlavə edib ki, diqqətçəkən məqamlardan biri isə Bakı-Tbilisi-Bakı dəmir yolu xəttinin yenidən fəaliyyətə başlamasıdır:
“Sadəcə əlamətdar haldır ki, Tbilisi və Bakı arasında dəmir yolu xətti artıq aktiv vəziyyətdədir. Bu, o bazardan həm Gürcüstandan, həm də Avropadan Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərə bilər.
Cari ilin ilk rübünün nəticələri göstərir ki, Qərbi Avropadan gələn turistlər üstünlük təşkil edib. Belə ki, Qərbi və Şərqi Avropadan gələn turistlərin nisbəti təxminən 51 faizə 49 faiz olub.
Xüsusilə Böyük Britaniya və Almaniyadan Azərbaycana rəğbət artmış kimi görünür. Həmin ölkələrdən gələn turistlərin sayının çoxalması Azərbaycanın beynəlxalq turizm bazarında tanınmasına, ölkənin turizm potensialının daha da genişlənməsinə və bu sahənin inkişafına mühüm töhfə verəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


