Jurnalisti 10 il azadlıqdan məhrum edə bilərlər
Amerikalı jurnalist Tomas Paukenin məhkəmədə Çin hökuməti adına agent kimi fəaliyyət göstərdiyinə dair ittihamı qəbul etdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı açıqlamaya görə, 2010-cu ildən etibarən Çində yaşayan və burada müxtəlif dövlət media qurumlarında çalışan jurnalist Tomas Pauken ona qarşı irəli sürülən agentlik ittihamını qəbul edib.
Nazirlik Paukenin sentyabrın 1-də ABŞ-dəki federal dairə məhkəməsində hökm almasının gözlənildiyini bildirib.
O, 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Paukenin vəkili Çarlz Börnham məsələ ilə bağlı açıqlamasında müvəkkilinin günahını etiraf etdiyini və “ABŞ hökumətinin tələb etdiyi müəyyən rəsmi formaları doldurmadan Çin Xalq Respublikası adından agent kimi fəaliyyət göstərdiyini” qəbul etdiyini bildirib.
Tom MakQreqor təxəllüsü ilə yazılar yazan Pauken fevral ayında Çindən ABŞ-yə gəldikdən sonra saxlanılmışdı.Məlumata görə, saxlanıldıqdan sonra verdiyi ifadədə o, Çin hökuməti ilə əlaqəli şəxslərlə tanışlıq yaratmağa çalışdığını və ABŞ dövlət qurumlarından birində çalışan şəxsin Çinə məlumat ötürmə ehtimalının “80 faiz” olduğunu dediyini bildirib.
İfadədə həmçinin qeyd olunub ki, Pauken Çin hökuməti ilə əlaqəli şəxslər adından işləməsi və “Çin Prezidenti Şi Cinpin tərəfindən oxunacaq” həftəlik hesabatlar hazırlaması müqabilində həmin şəxsə 10 min dollar ödəniləcəyini vəd edib.Bundan əlavə, o şəxsin istifadəsi üçün mobil telefon və noutbuk təmin etdiyi də bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"


