Kolumbiyada yük gəmisində partlayış: Ölənlər və yaralananlar var
Kolumbiyanın Kartaxena şəhərində yerləşən gəmiqayırma zavodunda təmirə dayanmış yük gəmisində baş verən partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Regional Səhiyyə İnzibati Departamentinin (DADIS) yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hadisə şəhərin Pasakabalyos bölgəsində yerləşən gəmiqayırma müəssisəsində qeydə alınıb. Təmir işləri aparılan yük gəmisində naməlum səbəbdən güclü partlayış baş verib.
Hadisədən sonra gəmidə yanğın başlayıb. Əraziyə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları, mülki müdafiə və risklərin idarə olunması xidmətlərinin əməkdaşları cəlb olunub.
Kartaxena meriyası partlayışın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlanıldığını açıqlayıb.
Aidiyyəti qurumların operativ koordinasiyası nəticəsində vəziyyət qısa müddətdə nəzarət altına alınıb və yaralılara dərhal tibbi yardım göstərilib.
"Cebheinfo.az"


