Qazaxda “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində şahmat yarışı keçirilib
04 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində Qazax Şahmat mərkəzində yeniyetmə və gənclərin iştirakı ilə şahmat yarışı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, eləcə də gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verməkdir.
Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, layihənin məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətən sevgisini və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməkdir. O qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin keçirilməsi, bilik yarışı və şahmat turnirinin təşkili nəzərdə tutulur. Bu təşəbbüslərin gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına xidmət etdiyi vurğulanıb.
Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev və Qazax UGİŞM-nin direktor əvəzi Nizami Hüseynov Azərbaycan Ordusunun gücü və milli birliyin əhəmiyyətindən danışaraq gəncləri vətənə sədaqətli, dövlətçilik dəyərlərinə bağlı olmağa çağırıblar. Çıxışlarda bildirilib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələri gənclər üçün hər zaman örnəkdir və onların xatirəsinin daim uca tutulması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda gənclərə vətənpərvər ruhda yetişmək, elmə önəm vermək və sağlam həyat tərzi sürmək tövsiyə olunub.
Daha sonra şahmat turnirinə start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı kimi müəyyənləşib:
I kateqoriya üzrə
* I yer — Şəms Carçılı
* II yer — Mədinə Hacıkərimli
* III yer — Sevda Bəkirli
II kateqoriya üzrə
* I yer — Nihat Veyisov
* II yer — Hidayət Carçılı
* III yer — Mənaf Musazadə
Qaliblər medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.
"Cebheinfo.az"


