Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır"

Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır"

Azərbaycanda hüquqşünas azlığı problemi daim qaldırılan məsələlərdən biridir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən ​"Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, əslində, hamı deyir ki, Azərbaycanda hüquqşünas çoxdur: "Amma müqayisələr göstərir ki, ölkədə hüquqşünasların sayı kifayət qədər azdır. Düzdür, burada üzərində işlənməli olan başqa problemlər də var. Bunlardan biri akademik sahə ilə bağlı məsələlərdir. Ümumiyyətlə, hüquqşünas alimlərimiz və fəal hüquqşünaslarımız elmi-pedaqoji fəaliyyətə çox maraq göstərmirlər. Bu da problemdir və mən buna çox təəssüf edirəm. Çünki xarici ölkələrdə vəziyyət belə deyil. Təbii ki, burada Vəkillər Kollegiyasının da müəyyən məsuliyyəti var. Yəqin ki, biz də vəkilləri bu istiqamətdə kifayət qədər təşviq etmirik".

O, onu narahat edən digər məsələlərdən də danışıb: "Mən 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə test üsulu ilə qəbul olunmuşdum və həmin vaxt tələbələrin təxminən 80 %-ini oğlanlar təşkil edirdi, xanımlar isə azlıqda idi. Uzun illər bu tendensiya davam edib və bu, problem kimi qiymətləndirilib. İndi isə vəziyyət dəyişib. Artıq çoxluğu xanımlar təşkil edir, kişilər isə azlıqda qalıb".

Onun fikrincə, əsas məsələ balansın qorunmasıdır: "Niyə bir tərəf çox, digər tərəf az olmalıdır? Mən bərabərliyin tərəfdarıyam. Biz hüquqşünasıq və bizim üçün bərabərlik hər şeydən üstündür. Bu sahədə də balans olmalıdır. Zənnimcə, problem ondadır ki, Azərbaycanda hüquq peşəsi əvvəlki kimi cəlbedici deyil.

Əvvəllər insanlar, xüsusilə də oğlanlar hüquqa daha çox maraq göstərirdilər. Çünki hesab olunurdu ki, bu sahə gəlirlidir və burada qısa müddətdə maddi vəziyyəti yaxşılaşdırmaq mümkündür. Mən buna normal yanaşma kimi baxıram. İnsan yalnız altruist olmamalıdır, öz maddi durumunu və ailəsini də düşünməlidir".

A. Bağırov qeyd edib ki, hazırda oğlanlar daha çox başqa peşələrə üz tuturlar: "Xanımların sayının artmasının səbəblərindən biri də budur. Hüquq peşəsi xanımlar üçün daha rahat görünür, amma kişilər üçün əvvəlki qədər cəlbedici deyil. Mən hesab edirəm ki, bu, qlobal problemlərdən biridir və yaxın 5-10 il ərzində hamını düşündürən məsələyə çevriləcək.

Çünki elə vəzifələr var ki, bəzi hallarda xanımlar regionlarda və ya hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməyə razı olmurlar. Kişilər isə bu cür qərarları daha tez qəbul edirlər. Ailə ilə bağlı müəyyən narazılıqların yaranması da təbiidir. Düşünürəm ki, bu məsələ üzərində ciddi şəkildə düşünmək lazımdır".

"Cebheinfo.az"