Razi Nurullayev: “Qanun həm də insanlara real nəfəs verməlidir”

Razi Nurullayev: “Qanun həm də insanlara real nəfəs verməlidir”

“Müzakirə etdiyimiz qanun layihəsini ümumilikdə müsbət qiymətləndirirəm. Bu layihə xüsusilə pay torpaqlarında, əkin və çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlarda illərlə yığılıb qalmış narazılıqları aradan qaldıra bilər.

Çünki bu gün bir çox fermer və torpaq mülkiyyətçisi öz pay torpağından səmərəli istifadə edə bilmir. Bəzən ağac və kol bitkiləri suvarma sistemlərinin qurulmasına, texnikanın hərəkətinə, torpağın normal becərilməsinə, yeni əkin dövriyyəsinin tətbiqinə real maneə yaradır. Qanun layihəsi də məhz bu problemi görür və onun hüquqi həllini təklif edir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Razi Nurullayev qeyd edib ki, burada çox vacib bir məsələ var:

“Layihədə kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyərinin ödənilməsi nəzərdə tutulmur. Bu çox gözəl. Ancaq böyük ağaclarla bağlı məsələ daha həssasdır. Pay torpağında böyük ağacların kəsilməsi zəruri olarsa, mövcud qaydalara görə bərpa haqqı çox yüksək məbləğə çevrilə bilər. Bu isə qanunun əsas məqsədini zəiflədir.

Təsəvvür edək ki, vətəndaş öz pay torpağını əkinə yararlı vəziyyətə gətirmək istəyir, ağacı qanuni qaydada kəsir, amma sonra elə bir bərpa haqqı ödəməli olur ki, həmin torpaqdan illərlə əldə edəcəyi gəlir bu xərci kompensasiya etmir. Belə olan halda fermer yenə də torpaqdan istifadə edə bilmir, ya da bu işə girişməkdən çəkinir. Yəni biz problemi həll etmək istəyirik, amma başqa bir maliyyə baryeri də yaradırıq.

Ona görə hesab edirəm ki, müvafiq maddəyə yenidən baxılmalıdır. Pay torpaqlarında kənd təsərrüfatı fəaliyyətinə real maneə yaradan ağacların götürülməsi zamanı bərpa haqqı ya diferensiallaşdırılmalı, ya azaldılmalı, ya da müəyyən hallarda güzəşt mexanizmi tətbiq edilməlidir. Əks halda qanun bu məsələdə kağız üzərində yaxşı görünəcək, amma vətəndaş üçün praktik çıxış yolu yaratmayacaq”.

Razi Nurullayev əlavə edib ki, bu gün məhkəmələrdə pay torpaqlarında kəsilmiş ağaclarla bağlı çoxlu işlər var:

“İnsanlara yüksək cərimələr yazılıb, bəzi hallarda hətta həbslər də olub. Əgər biz bu gün etiraf ediriksə ki, bu sahədə problem var və qanunla yeni, daha ədalətli mexanizm yaradırıqsa, o zaman bu yanaşma yalnız gələcəyə aid edilməməlidir.

Təklif edirəm ki, qanuna keçid müddəası əlavə olunsun və bu günə qədər oxşar məsələlərlə bağlı başlanmış inzibati, mülki və cinayət işlərinə də bu qanunun humanist və ədalətli yanaşması şamil edilsin. Əlbəttə, söhbət qəsdən meşə qırılmasından və ekoloji cinayətlərdən getmir. Söhbət öz pay torpağında kənd təsərrüfatı fəaliyyəti aparmaq istəyən, amma qanunvericilik boşluqları və sərt mexanizmlər səbəbindən cəzalandırılan insanlardan gedir.

Bu qanun kəndlinin torpağa qayıtmasına, pay torpaqlarının istifadəsiz qalmamasına, aqrar istehsalın artmasına xidmət etməlidir. Ona görə də layihəni dəstəkləyirəm, amma hesab edirəm ki, bərpa haqqı və əvvəlki işlərə tətbiq məsələsi mütləq nəzərə alınmalıdır. Qanun yalnız icazə verməməli, həm də insanlara real nəfəs verməlidir”.

Vilayət Muxtar
“Cebheinfo.az”