Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
“Bu gün ölkəmiz ilk dəfə olaraq BMT-nin Ətraf Mühit Proqramı tərəfdaşlığı ilə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir.
Bu, Azərbaycanın qlobal ekoloji gündəlikdə fəal iştirakının, beynəlxalq əməkdaşlığa açıq olmasının və ətraf mühitin mühafizəsinə verdiyi önəmin mühüm göstəricisidir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" şüarı altında təşkil olunan beynəlxalq konfransda çıxışında bildirib.
O qeyd edib ki, möhtərəm cənab Prezident İlham Əliyev öz müraciətində də qeyd etdiyi kimi, ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir:
“Ətraf mühit məsələləri sərhəd tanımır, transsərhəd xarakter daşıyır. Yaşadığımız ətraf mühit, faydalandığımız meşələr və biomüxtəliflik, okeanlar, dənizlər və çaylar, nəfəs aldığımız hava bizim ortaq sərvətimizdir.
Biz iqtisadi inkişafı, sosial rifahı və ekoloji tarazlığı vəhdət şəklində təmin etməliyik. Azərbaycan bu yanaşmanı hər zaman dəstəkləyir və dayanıqlı inkişafı öz prioritetlərindən biri hesab edir”.
Gülər
“Cebheinfo.az”


