Özgür Özəl yeni partiya yaradacaq?

Özgür Özəl yeni partiya yaradacaq?

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı və onun konstitusiyon hüquqi qüvvəsi ilə bağlı müzakirələr davam edərkən, partiya rəhbərliyinin mümkün hüquqi risklərə qarşı alternativ plan üzərində çalışdığı iddia olunur.

Kulis (xəlvəti, gizli, məxfi) məlumatlarına görə, CHP-nin seçkilərdə iştirakına maneə yaranacağı təqdirdə, Özgür Özəlin rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılması nəzərdən keçirilir və onun adının “İstiklal Partisi” olacağı bildirilir.

“Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, məlumata əsasən, CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ilə hazırkı rəhbərlik arasında dialoq müəyyən qədər bərpa olunub.

Hər iki tərəf danışıqlar aparmaq üçün nümayəndələr müəyyənləşdirib və onların partiyadakı problemlərin həlli yollarını müzakirə etməsi planlaşdırılır. Eyni zamanda, hər iki tərəflə əlaqədə olan bəzi partiya üzvlərinin vasitəçilik səylərini davam etdirdiyi qeyd olunur.

İddialara görə, Özgür Özəlin əsas məqsədi CHP-nin növbədənkənar qurultayını keçirməkdir.Bildirilir ki, yüzlərlə nümayəndə bunun üçün imza toplayıb və müraciətin Kılıçdaroğluna təqdim olunacağı gözlənilir. Əgər müəyyən olunan müddətdə qurultay çağırılmasa, məsələ ilə bağlı məhkəməyə müraciət edilə bilər.

Bu proseslə paralel olaraq, mümkün seçki ssenarilərinə hazır olmaq üçün yeni siyasi partiyanın yaradılması istiqamətində səssiz hazırlıqların aparıldığı da iddia edilir. 

Hətta təkcə yeni partiyanın yaradılması deyil, seçkilərdə iştirak hüququ olan azsaylı üzvlərə malik mövcud siyasi partiyalardan birinin ehtiyat variant kimi saxlanıldığı bildirilir.

Türkiyə qanunvericiliyinə əsasən, yeni yaradılmış partiyanın seçkilərdə iştirak edə bilməsi üçün səsvermədən ən azı altı ay əvvəl ölkənin ən azı 41 vilayətində təşkilatlanmasını başa çatdırması və böyük qurultayını keçirməsi tələb olunur.

Bu şərtləri yerinə yetirən partilərin siyahısı seçkidən əvvəl Ali Seçki Qurumu tərəfindən təsdiqlənərək rəsmi şəkildə elan edilir.

Kulis məlumatlarında qeyd olunur ki, yeni partiyanın yaradılması ilə bağlı təşkilati işlərə CHP-də təşkilatlanmaya cavabdeh olmuş Balıkesir millət vəkili Ensar Aytekin rəhbərlik edir. Bu hazırlıqların mümkün “butlan” qərarı ehtimalı ortaya çıxmazdan əvvəl başladığı bildirilir.

İddialara görə, Özgür Özəl bu proseslə bağlı CHP-nin prezidentliyə namizədi və hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə də mütəmadi fikir mübadiləsi aparır.

Siyasi kulislərdə yeni partiyanın adının “İstiklal Partisi” ola biləcəyi səsləndirilir.

Bununla yanaşı, prosesin gedişində fərqli ad variantlarının da müzakirəyə çıxarıla biləcəyi qeyd olunur. Hazırda isə bu məlumatlarla bağlı CHP rəhbərliyi tərəfindən rəsmi açıqlama verilməyib.

Aişə Abdulova
“Cebheinfo.az”