Putinin Paşinyana təzyiqinin arxasındakı ƏSL SƏBƏB
Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib.
“Əvvəlki kimi, biz nəqliyyat və iqtisadi əlaqələrin açılmasında, humanitar məsələlərin həllində, sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasının hazırlanmasında və təminində Bakı və İrəvana kömək etməyə hazırıq”,-deyə Qaluzin bildirib.
Nazir müavini qeyd edib ki, rəsmi Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə edilən üçtərəfli razılaşmalara uyğun olaraq münasibətlərin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş səyləri ardıcıl şəkildə dəstəkləyir.
“Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı, yəni Cənubi Qafqaz ölkələrini və onların tarixi qonşularını birləşdirən 3+3 regional əməkdaşlıq platformasında əhəmiyyətli potensial görürük.
Bu mexanizm region ölkələri və onların qonşuları tərəfindən dağıdıcı xarici müdaxilə olmadan regionun problemlərinin həllini asanlaşdırmaq üçün nəzərdə tutulub”,-deyə diplomat əlavə edib.
Mixail Qaluzinin açıqlaması Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə vermək təşəbbüsü kimi təqdim olunsa da, bu çıxış Kremlin maraqlarından irəli gələn bir sıra gizli siyasi mesajları əks etdirir.
Belə ki, Rusiya Azərbaycanla Ermənistan arasında artıq reallaşmaqda olan sülh müqaviləsinin məhz Moskva platformasında imzalanmasını təklif edir. Yəni Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu, Azərbaycanla sülh müqaviləsinin imzalanması və kommuniskasiyaların açılması qaçılmaz olacaq.
Bu isə Ermənistanın Moskvanın asılılığından çıxması və Rusiyanın Cənubi Qafqazda geosiyasi təsirinin daha da zəifləməsinə gətirib çıxara bilər. Ona görə də Rusiya sülh müqaviləsinin Vaşinqton platformasında deyil, Moskvanın maraqları nəzərə alınmaqla Kremldə imzalanmasını istəyir.
Dolayısı ilə Rusiya bölgədə idarəolunan sülh modeli təklif edir. Əks təqdirdə, Cənubi Qafqazda münaqişələrin aradan qalxması, sülhün və sabitliyin təmin olunması Rusiyanın təsir imkanlarını azaldacaq.
Ona görə də Rusiya sülh prosesini 2020-2022-ci illərə qaytarmaq və danışıqlar prosesinə dominantlıq etmək istəyir. Son vaxtlar Ermənistana edilən təzyiqlərin əsas səbəblərindən biri də məhz bununla bağlıdır. Yəni Ermənistanın Avropa İttifaqına üzvlüyünü əsas gətirərək Rusiyanın İrəvana iqtisadi qadağalar tətbiq etməsi sadəcə bəhanədir.
Moskvanın əsl niyyəti Ermənistanı Azərbaycanla sülh müqaviləsindən və ABŞ ilə birlikdə Zəngəzur dəhlizinin açılmasından çəkindirməkdir. ABŞ-nin dövlət katibi Marko Rubionun İrəvana səfəri və Ermənistanla strateji tərəfdaşlıq haqqında, eyni zamanda TRIPP layihəsi üzrə işlərə başlanılmasına dair saziş imzalamasından sonra Rusiyanın təzyiqlərinin artması təsadüfi deyil.
Moskva dolayısı ilə Baş nazir Nikol Paşinyana 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla və ABŞ ilə əldə edilmiş razılaşmalardan imtina etmək həmçinin Rusiyanın geosiyasi təsir zonasına qayıtmaq müqabilində iqtisadi qadağaları ləğv etməyə, eləcə də seçkilərdə ona dəstək verməyə hazır olduğu mesajını çatdırır.
Mixail Qaluzin 3+3 formatını xatırlatmaqla bölgənin problemlərinin yalnız region ölkələri tərəfindən həll edilməli olduğunu, ABŞ-nin və Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərdə iştirakına Rusiyanın yol vermək istəmədiyinə eyham vurur.
Bir sözlə, Rusiya Ermənistana və Azərbaycana həm sülh müqaviləsinin imzalanmasında, həm də kommunikasiyaların açılması prosesində Kremlin maraqlarının nəzərə alınmasının vacibliyini çatdırmaq istəyir. Lakin Rusiya artıq münaqişənin geridə qaldığını və regionda formalaşmış status-kvonu dəyişməyin qeyri-mümkün olduğunu nəzərə almır.
Müşfiq Abdulla
"Cebheinfo.az"


