Deputat: “Minlərlə gənc illərlə hazırlaşır, imtahan verir, sonra da uzun gözləmə başlayır”

Deputat: “Minlərlə gənc illərlə hazırlaşır, imtahan verir,  sonra da uzun gözləmə başlayır”

“Bu gün diqqətinizə dövlət qulluğuna qəbul sistemi ilə bağlı mühüm bir məsələni çatdırmaq istəyirəm. Hamımız bilirik ki, dövlət qulluğu imtahanları gənclərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək məqsədi daşıyır.

Minlərlə gənc aylarla, bəzən illərlə hazırlaşır, imtahan verir, yüksək nəticə göstərir və dövlət qulluğu sertifikatı əldə edir. Lakin bundan sonra çox vaxt başqa bir mərhələ başlayır – uzun gözləmə, ardıcıl müsahibələr və nəticəsiz cəhdlər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, dövlət qulluğu imtahanından uğurla keçib, sertifikat alıb, amma sertifikatının qüvvədə olduğu müddət başa çatana qədər dövlət qulluğunda iş tapa bilməyən yüzlərlə gənc var:

“Onlar bir vakansiyadan digərinə müraciət edir, müsahibələrdə iştirak edir, lakin dəfələrlə uğursuz hesab edilirlər. Cəmiyyətdə isə haqlı bir sual yaranır: əgər şəxs dövlətin keçirdiyi imtahandan uğurla keçibsə, onun peşəkar hazırlığı təsdiqlənibsə, bəs niyə illərlə iş tapa bilmir? Məhz burada müsahibə mərhələsi ilə bağlı narahatlıqlar ortaya çıxır. Çünki imtahan konkret nəticəyə əsaslanır, bal var, meyar var, qiymətləndirmə aydındır.

Müsahibədə isə subyektiv yanaşma ehtimalı daha yüksəkdir. Namizəd çox zaman hansı səbəbdən uğursuz hesab edildiyini tam şəkildə öyrənə bilmir. Bu isə gənclərdə narazılıq yaradır, dövlət qulluğuna qəbul sisteminə olan etimadı zəiflədir. Əgər biz bu subyektivliklə bağlı sualları aradan qaldırmasaq, dövlət qulluğu imtahanlarının nüfuzu getdikcə zədələnə bilər.

Gənclər düşünə bilərlər ki, imtahandan keçmək hələ heç nə demək deyil və əsas qərar başqa mərhələdə verilir. Bu isə dövlətin qurduğu obyektiv qiymətləndirmə mexanizminin mahiyyətinə ziddir”.

R.Nurullayev hesab edir ki, dövlət qulluğu imtahanından uğurla keçərək sertifikat əldə etmiş şəxslərin məşğulluq imkanları ilə bağlı yeni yanaşmaya ehtiyac var:

“Təklif edirəm ki, sertifikat almış şəxsin sertifikat əldə etdiyi tarixdən sonrakı altı ay ərzində dövlət qulluğunda işlə təmin olunması istiqamətində hüquqi mexanizmlər yaradılsın. Ən azı dövlət həmin şəxslərin ehtiyat kadr bazası vasitəsilə vakant vəzifələrə prioritet qaydada yerləşdirilməsini təmin etməlidir. Çünki dövlət qulluğu imtahanını uğurla vermiş, bilik və bacarığını sübut etmiş bir gəncin illərlə işsiz qalması normal hesab edilə bilməz.

Əgər bir namizəd dəfələrlə müsahibədən keçə bilmirsə və bu hal yüzlərlə insan üçün təkrarlanırsa, artıq məsələ ayrı-ayrı şəxslərin problemi deyil, sistemin təhlil edilməsini tələb edən ciddi bir siqnaldır. Bizim məqsədimiz yalnız imtahan keçirmək deyil, həm də bilikli, hazırlıqlı və motivasiyalı gənclərin dövlət idarəçiliyinə cəlbini təmin etməkdir.

Dövlət qulluğuna qəbul sistemində şəffaflığı, ədaləti və etimadı gücləndirmək üçün müsahibə mərhələsində mümkün subyektivlikləri minimuma endirməli, sertifikatlı namizədlərin dövlət qulluğunda real karyera imkanlarını genişləndirməliyik”.

Vilayət Muxtar

“Cebheinfo.az”