Deputat: “Azərbaycan regional süni intelekt habına çevrilir…”

Deputat: “Azərbaycan regional süni intelekt habına çevrilir…”

“Azərbaycan bu həftə regionun ən böyük enerji tədbirlərindən birinə ev sahibliyi etdi. 

“Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra mühim strateji istiqamətlərə toxundu. 

Dövlət başçısı tədbirin əhəmiyyətinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunduğunu da bildirmişdir.

Enerji Həftəsi çərçivəsində ilk dəfə təşkil edilən Azərbaycan-ABŞ iqtisadi dialoqunun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və süni intelekt daxil olmaqla yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir.

7,5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha ünvanlı, yüksək səviyyəli strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 2.2 dəfə artaraq 296 milyon dollara yüksəlib. Göründüyü kimi, ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrdə və eləcə də ticarət dövriyyəsində də özünü göstərib:

“Bu əməkdaşlıq Azərbaycanda süni intelekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzlanan müqavilələlər və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək.

Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki il ilə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. Amerika Birləşmiş Ştatları 25 faizlə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir.

Bütün bunlar Azərbaycanı regional süni intelekt habına çevrilməsinə imkan verəcək. Davos Forumunun regional 4-cü sənaye inqilabı mərkəzinin qurulduğu ölkəmizdə süni intelektin inkişafı dövlət siyasətində əsas prioritetlərdəndir.

Azərbaycanın süni intelekt və rəqəmsallaşmada regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xüsusi təkan verəcək. Bu ekosisteminin keyfiyyətcə daha yenilənməsi üçün xüsusi baza formalaşdırır”.

V.Bayramov əlavə edib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə qeyri-neft ümumi daxili məhsulunun 2.8 faizi informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür.

Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir.

Vilayət Muxtar
“Cebheinfo.az”