Rusiya yeni cihazı ilə Qərbə meydan oxudu
Rusiyanın “3MX” şirkəti hərbçilər üçün “Petr” adlı yeni nəsil qulaqlıqlar hazırlayıb.
Şirkətin iddiasına görə, bu cihazlar dünyada analoqu olmayan şifrələnmiş rabitə sistemi yaradır və döyüş şəraitində məlumatların qarşı tərəfə sızmasının qarşısını alır.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, şirkətin inkişaf direktoru Sergey Şandobilonun TASS agentliyinə verdiyi məlumata görə, qulaqlıqlar tamamilə möhürlənmiş və nəmdən qorunan konstruksiyaya malikdir.
Onların əsas üstünlüklərindən biri radiostansiyadan istifadə etmədən döyüş qrupları arasında birbaşa səsli əlaqə yaratmasıdır. İdeal şəraitdə bu rabitə 30 metr, müəyyən hallarda isə 200 metrədək məsafədə işləyə bilir.
“Petra”nın digər fərqli xüsusiyyəti isə ətraf səsləri emal etmə üsuludur. Əksər taktiki qulaqlıqlar yüksək səsləri zəiflətməklə işlədiyi halda, bu model dron mühərrikinin səsi, sınan budaq, ayaq altında xışıldayan ot və ya dağıntı səsləri kimi potensial təhlükə siqnallarını gücləndirərək istifadəçiyə daha tez reaksiya verməyə imkan yaradır.
Şirkət nümayəndəsinin sözlərinə görə, qulaqlıqlar hazırda xüsusi təyinatlı qüvvələr tərəfindən həm döyüş şəraitində, həm də atəş poliqonlarında sınaqdan keçirilir. Cihaz xüsusi mobil tətbiq vasitəsilə idarə olunur və proqram təminatı ön cəbhədə yaranan yeni tələblərə uyğun olaraq mütəmadi yenilənə bilir.
Aişə Abdulova
“Cebheinfo.az”


