NATO sərhədində yeni böhran

NATO sərhədində yeni böhran

Rumıniyanın Köstəncə Limanında pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasından qısa müddət sonra partlayış baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, Fövqəladə Hallar Departamenti (DSU) partlayışın limanın 78 saylı yanalma körpüsündə öz-özünə baş verdiyini bəyan edib. Hadisədən sonra qırmızı müdaxilə planı qüvvəyə minib.

Köstəncə Limanında bu gün aparılan kəşfiyyatdan qısa müddət sonra bir dəniz PUA-sı partlayıb. Fövqəladə Hallar Departamentinin məlumatına görə, hadisə zamanı can itkisi qeydə alınmayıb. 

Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Aleksandru Turturika pilotsuz aparatın cümə günü səhər saatlarında liman daxilindəki ARSVOM (Rumıniya Dəniz Xilasetmə Agentliyi) obyektlərinin yaxınlığında təsbit edildiyini bildirib.

Rumıniya rəsmiləri daha əvvəl Rusiyaya məxsus olduğu iddia edilən başqa bir PUA-nın yaşayış binasına düşməsi ilə bağlı NATO-nun 4-cü maddəsini gündəmə gətirmişdilər.

Turturika Hərbi Dəniz Qüvvələrinin hadisəyə birbaşa müdaxilə etmədiyini, yalnız dəstək rolunu üstləndiyini ifadə edib. Açıqlamaya görə, əsas müdaxiləni SRI (Rumıniya Kəşfiyyat Xidməti) və DSU kimi digər qurumlar həyata keçirib. 

DSU-nun mətbuat katibi Boqdan Toma "Hotnews" portalına verdiyi şərhdə dəniz PKA-sının 78 saylı yanalma körpüsündə öz-özünə partladığını deyib. Toma partlayışda heç kimin xəsarət almadığını da sözlərinə əlavə edib. Hadisənin ardınca saat 10:29-da qırmızı müdaxilə planı işə salınıb.

Partlayışdan qısa müddət əvvəl Köstəncədəki media qurumları ARSVOM-a məxsus 78 saylı yanalma körpüsündə dəniz PUA-nın tapıldığını elan etmişdilər. "Focus Press"in xəbərinə görə, sözügedən aparat ARSVOM-a məxsus bir katerin yaxınlığında, sahilə və agentliyin baş qərargahına olduqca yaxın bir mövqedə aşkarlanıb. 

Yerli mətbuat orqanı "Info Sud-Est" isə "Hazırda təxminən 7-8 metr uzunluğunda olan pilotsuz aparatın mənşəyi və ya daxilində partlayıcı maddə olub-olmadığı məlum deyil" ifadələrinə yer vermişdi. Partlayışdan əvvəl dərc olunan xəbərdə isə "SRI ekspertləri və MApN (Milli Müdafiə Nazirliyi) qrupları hadisə yerinə gəlib, aparatda partlayıcı olub-olmadığını yoxlayırlar",- deyilir.

Nigar Hacılı 
"Cebheinfo.az"