Paşinyandan daha bir ziddiyyətli açıqlama: Sülhü 2031-ci ilə qədər uzadır
“Biz 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalamağı və təsdiqləməyi hədəf qoymuşuq“.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyada keçirilən seçkiqabağı debat zamanı açıqlayıb. O, həmçinin şimal və cənub arasında dəmir yolu xidmətinin açılması, sərhədlərin tam açılması və Ermənistan ərazisində neft və qaz boru kəmərlərinin və elektrik xətlərinin çəkilməsi planlarını açıqlayıb. Paşinyan əlavə edib ki, hakim partiya həmin vaxta qədər Avropa Birliyi ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindədir.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, Nikol Paşinyanın yeni bəyanatları əvvəlki mövqeyi ilə ziddiyyət təşkil edir.

O bildirib ki, sülh sazişi paraflandığı halda 2031-ci ilin göstərilməsi anlaşılan deyil:
"Paşinyanın seçkiqabağı debat zamanı səsləndirdiyi fikirlər, yəni 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalanmasını və təsdiqləməsini, şimal və cənub arasında dəmir yolu xidmətlərinin açılmasını, sərhədlərin tam açılması və Ermənistan ərazisində neft və qaz boru kəmərlərinin və elektrik xəttlərinin çəkilməsini hədəf qoymaq barədə dedikləri ilk baxışdan əvvəlki fikirləri ilə müqayisədə ziddiyyət təşkil edir.
Belə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin layihəsi keçən il avqustun 8-də Vaşinqtonda paraflanıb. Paşinyan da dəfələrlə sülh müqaviləsini hətta Ermənistanda parlament seçkilərdən əvvəl imzalamağa hazır olduğunu bildirib. İndi parlament seçkilərinə sayılı günlər qalmız 2031-ci ili hədəf göstərməsi haqlı olaraq müəyyən suallar yaradır".
Politoloq hesab edir ki, Paşinyanın 2031-ci ilin hədəf göstərməsini bir neçə amillə əlaqələndirmək olar: "Hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, bu fikirlər parlament seçkiləri üzrə təşviqat kampaniyası çərçivəsində edilib. Ermənistan Konstitusiyasına görə, parlamentin səlahiyyət müddəti 5 ildir.
Siyasi qüvvələr də seçki platformalarını 5 illik müddət üçün müəyyən edirlər. Yəni seçkilərdə qalib gəlib hökuməti formalaşdıqdan sonra növbəti seçkilərədək əsas hədəflərini - həyata keçirmək niyyətində olduğu məsələləri 5 illik müddət üçün nəzərdə tuturlar.
Ermənistanda növbəti parlament seçkilərinin 7 iyunda keçiriləcəyini nəzərə alsaq, sonrakı növbəti seçkilər 2031-ci ildə keçirilməlidir. Bu baxımdan, 2031-ci ilə qədər sülh müqaviləsinin imzalanması və ratifikasiyasını hədəf göstərmək ilk baxışdan prosesin uzadılması kimi görünsə də, məntiqi hesab oluna bilər".
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, sülh prosesinin gerçəkləşməsi son nəticədə Azərbaycan və Ermənistan arasında qalan siyasi-hüquqi məsələlərin necə həll olunacağından asılıdır:
"Bu gün sülh müqaviləsinin imzalanmasına əsas maneə Ermənistan Konstitusiyasıdır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi üçün referendum keçirilməlidir. Referendumun nə zaman keçiriləcəyi isə daha çox seçkilərin nəticələrinin necəliyindən asılı olacaq.
Əgər Paşinyan seçkilərdə mütləq çoxluğu əldə edərsə, Konstitusiya dəyişikliyi və digər məsələləri, o cümlədən sülh müqaviləsinin imzalanması məsələsini daha sürətlə həll etməyə çalışacaq. Parlament seçkilərində Paşinyanın üstünlüyü cüzi olarsa, prosesin uzanması ehtimalı daha böyükdür".
O bildirib ki, regionda sülh, təhlükəsizlik, kommunikasiyaları açılması və digər məsələlərin həlli yalnız sülh müqaviləsinin imzalanmasından ibarət deyil:
"Bunun üçün bir çox hazırlıqlar zəruridir ki, bunlar da istər-istəməz müəyyən qədər vaxt aparır. Yəni sülh prosesi müqavilə imzalanması ilə yanaşı infrastruktur, loqistika, nəqliyyat, iqtisadiyyat, enerji və regional əməkdaşlığı, regional layihələrin həyata keçirilməsi əhatə edən uzunmüddətli bir prosesdir".
Qulamhüseyn Əlibəylinin sözlərinə görə, 2031-ci ilin son tarix kimi göstərilməsi daha erkən həll imkanlarını istisna etmir:
"Paşinyanın bu açıqlamaları Rusiyanın və Ermənistan daxilindəki rusiyayönümlü müxalif qüvvələrin təzyiqlərini neytrallaşdırmaq, özünə əlavə manevr imkanları yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər.
Bütün hallarda, 2031-ci ilin sön müddət kimi göstərilməsi nəzərdə tutulan məsələlərin, o cümlədən sülh müqaviləsinin imzalanması və ratifikasiyasının, kommunikasiyaları tam açılması və digər məsələlərin daha tez həllini istisna etmir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"


