Omman dənizində gərginlik: İran ABŞ gəmilərinə xəbərdarlıq atəşi açıb
İran Omman dənizində ABŞ hərbi gəmilərinə xəbərdarlıq məqsədli atəş açaraq onları bölgədən uzaqlaşdırdığını iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə Hind okeanında İrana maddi dəstək verdiyi bildirilən bayraqsız ticarət gəmisinə qarşı əməliyyat həyata keçirildiyini açıqlayıb.
İran Hərbi Dəniz Qüvvələri Omman dənizində ABŞ-yə məxsus esmineslərə qarşı “Qədir” raketləri və “Şahid dana” pilotsuz uçuş aparatları ilə xəbərdarlıq atəşi açdığını bildirib.
İranın Tasnim agentliyinin məlumatına görə, bu hadisədən sonra “DDG-103” və “DDG-87” bort nömrəli ABŞ döyüş gəmiləri bölgəni tərk edərək Hind okeanı istiqamətində hərəkət ediblər.
İran Dövlət Televiziyası (IRIB) həmçinin ABŞ-yə məxsus “USS Tripoli” amfibiya hücum gəmisinin də ərazini tərk etmək məcburiyyətində qaldığını iddia edib.
Dövlət televiziyası tərəfindən yayımlanan peyk görüntülərində İranın hücumundan sonra ABŞ donanmasının dağıldığı göstərilsə də, həmin görüntülərin müstəqil şəkildə təsdiqlənmədiyi qeyd olunub.
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri hadisədən sonra bölgədəki ticarət gəmilərinə yeni müraciət ünvanlayıb.
Açıqlamada yanacaq, ərzaq və digər əsas yükləri daşıyan gəmilərin İranı əvvəlcədən məlumatlandırmalı olduğu bildirilib.
Həmçinin qeyd olunub ki, Hörmüz boğazından keçidlərin təhlükəsizlik planlaması İran tərəfindən həyata keçiriləcək.
ABŞ Mərkəzi Komandanlığı isə Hind okeanında sanksiyaları pozduğu bildirilən bayraqsız bir gəmiyə qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Məlumata görə, ABŞ qüvvələri gecə saatlarında “M/T DAVINA” adlı ticarət gəmisinə dəniz hüququ çərçivəsində yoxlama və müdaxilə əməliyyatı həyata keçirib.
ABŞ Hind-Sakit Okean Komandanlığının yaydığı açıqlamada qlobal dəniz nəzarəti fəaliyyətlərinin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.
Bəyanatda bildirilib ki, hərbi qurumlar qanunsuz şəbəkələri dağıtmaq və dünyanın harasında fəaliyyət göstərməsindən asılı olmayaraq İrana maddi dəstək verən gəmilərin qarşısını almaq üçün əməliyyatları davam etdirəcəklər.
Açıqlamada həmçinin vurğulanıb ki, beynəlxalq sular sanksiyalara məruz qalan aktorlar üçün sığınacaq rolunu oynamamalıdır və ABŞ Müdafiə Nazirliyi qanunsuz fəaliyyət göstərən qüvvələrin dəniz məkanında sərbəst hərəkət imkanlarını məhdudlaşdırmağa davam edəcək.
Nigar Hacılı
"Cebheinfo.az"


