Səhrada dəhşət: Yük maşınında 50 nəfərin meyiti tapıldı
Malidən yola çıxan sərnişinləri daşıyan yük maşınının Sahara səhrasında xarab olması faciə ilə nəticələnib.
“Yeni Sabah” xəbər verir ki, yük maşını Nigerlə Əlcəzair arasındakı əsas sərhəd keçid məntəqələrindən biri olan Assamakadan təxminən 80 kilometr qərbdə sıradan çıxıb.
Məlumata görə, sərnişinlər günlərlə səhrada köməksiz qalıblar. Onlardan yalnız iki nəfər uzun və çətin yolu qət edərək Assamakaya çatıb və yardım istəyib.
Hadisə yerinə göndərilən xilasedicilər yük maşınındakı sərnişinlərdən 50 nəfərin susuzluq səbəbindən həyatını itirdiyini müəyyən ediblər.
Nigerin Aqadez Valiliyi bildirib ki, sərnişinlər günlərlə nasaz yük maşınını təmir etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Onlar yüksək temperaturun hökm sürdüyü və su tapmağın son dərəcə çətin olduğu ərazidə sağ qalmağa çalışıblar.
Xilasedicilər hadisə yerinə çatdıqda yük maşınının ətrafında çoxlu sayda meyit aşkar ediblər. Həyatını itirənlərin daha sonra toplu məzarlıqda dəfn olunduğu bildirilib.
Qeyd edək ki, xilasedicilər geri qayıdarkən daha bir yük maşını aşkarlayıblar. Akkumulyator nasazlığı səbəbindən üç gündür səhrada qalan həmin maşında 60-dan çox insan olub. Niger hərbçilərinin də dəstəyi ilə sərnişinlərə su verilib, avtomobil təmir olunaraq onlar təhlükəsiz əraziyə təxliyə ediliblər.
"Cebheinfo.az"


