Ermənistanda 7 iyun seçkiləri: “Rusiyayönümlü qüvvələr qalib gələrsə...”

Ermənistanda 7 iyun seçkiləri: “Rusiyayönümlü qüvvələr qalib gələrsə...”

“Ermənistanda parlament seçkilərinin nəticələrindən asılı olmayaraq Cənubi Qafqazın gələcəyinə ciddi təsir etməyəcək”. 

Bu sözləri politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində iyunun 7-də Ermənistanda baş tutacaq parlament seçilərinin nəticələri ilə bağlı fikirlərini bölüşərkən bildirib. 

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını itirməsi obyektiv prosesin nəticəsidir.

“Yəni son illərə qədər Cənubi Qafqazda əsas söz sahibi olan Rusiya zəifləyib və özünün sərhədlərinə doğru çəkilmək məcburiyyətində qalıb. Artıq Rusiya iqtisadi, texnoloji və ideoloji cəhətdən cəlbedici ölkə deyil. İndi hərbi gücünü də itirib və bu amil də ortadan qalxıb.

Bu gün Rusiyanın öz ərazisi üzərində suverinliyi şübhə altına düşməyə başlayıbsa, Moskva Cənubi Qafqazda mövqelərini necə qoruya bilər. Rusiyanın itirdiyi mövqedə isə ABŞ möhkəmlənməyə başlayıb. Qənaətimcə, Cənubi Qafqaz ABŞ-nin təsir dairəsinə keçir və bu prosesin geri dönüşü yoxdur. 

Buna görə də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri Cənubi Qafqazda gedən proseslərə ciddi təsir etməyəcək. Bu həm də ona görə belədir ki, Ermənistan Cənubi Qafqazın ən kiçik və çoğrafi vəziyyəti ən əlverişsiz ölkədir.

Ermənistanın Rusiya ilə birbaşa quru sərhədi yoxdur. Üstəlik açıq dənizlərə çıxışı da yoxdur. Ona görə də Cənubi Qafqazın gələcyi öncə Azərbaycandan, daha sonra Gürcüstandan  və ən sonda Ermənistandan asılıdır”.

Politoloq qeyd edib ki, iyunun 7-də baş tutacaq seçkilərin nəticələri Azərbaycan-Ermənistan sülh prosesinə mümkün təsirləri ola bilər:

“Hazırkı iqtidar mövqelərini qoruya bilsə, bu sülh prosesinin sürətlənəcəyinə səbəb olacaq. Belə halda isə bu ilin sonuna, gələn ilin yazına kimi sülh müqaviləsi imzalana bilər.Əgər, rusiyayönümlü qüvvələr qalib gələrsə, sülh prosesi ləngiyəcək. Yeni hökumət daha çox Rusiyanın maraqlarının təmin olunmasına çalışacaq. Ancaq Rusiyanın özünün təsir imkanları azaldığı üçün keçmişə dönüş mümkün deyil”.

X.Cəfərli bu seçkilərin Ermənistanın Rusiya ilə münasibətlərinə təsir imkanları ilə bağlı məsələyə də toxunub:

“Rusiya ilə münasibətlər də hansı partiyanın önə çıxmasından asılı olacaq. Rusiyayönümlü qüvvələr qalib gələrsə, qısamüddətli də olsa, Rusiyanın Ermənistanda güclənməsi müşahudə olunacaq.

Ancaq Rusiyanın resurslarının məhdud olması əvvəlki kimi əsas söz sahibi olmasına imkan verməyəcək. Paşinyan hökuməti hakimiyyətini qoruya bilsə, Rusiyadan uzaqlaşma sürətlənəcək.

Bütövlükdə isə Ermənistanın Rusiya ilə münasibətlərini müəyyən edən əsas faktor subyektivlik deyil, obyektivlikdir. Yəni Rusiya zəifləyir və təsir etmə imkanları azalır”. 

Yunis Abdullayev
“Cebheinfo.az”