İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib
ABŞ İran milli komandasının bütün futbolçularına viza versə də, komandanın bəzi müşayiətçi üzvləri və məsul şəxsləri viza ala bilməyib.
APA-nın Tehran bürosununun xəbərinə görə, "Tasnim”in məlumatına əsasən, komanda meneceri Mehdi Məhəmmədnəbi, İran Futbol Federasiyasının baş katibi Hedayət Məmbini, İran milli komandasının icraçı direktoru Mehdi Xərati və daha 6 nəfər ABŞ vizasını ala bilməyən şəxslər sırasındadır.
Bu gün, həmçinin bəzi xəbər mənbələri İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın ABŞ tərəfindən verilən viza müraciətinin rədd edildiyini yazıb.
“Tasnim”in məlumatına görə, həmin şəxslərin İran milli futbol komandası ilə birlikdə Meksikaya getməsi planlaşdırılır və viza alınması üçün səylər davam edir.
Qeyd edək ki, İran milli futbol komandası bu gün Antalyadan Meksikanın Tixuana şəhərinə yola düşərək, 2026-cı il dünya çempionatında iştirak üçün Meksikada təlim-məşq toplanışı keçirməlidir.
İran milli komandası 2026-cı il dünya çempionatının G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə mübarizə aparacaq. Komanda qrup mərhələsində oyunlarını ABŞ-ın Los-Anceles və Sietl şəhərlərində keçirəcək.
"Cebheinfo.az"


