Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar: Nə baş verir?

Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar: Nə baş verir?

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası xarici vətəndaşların məcburi tibbi müayinədən yayınmasına görə cəza nəzərdə tutan qanunu təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, tibbi müayinədən yayınan miqrantlar cərimələnəcək və ölkədən çıxarılacaq.

Yeni qanuna əsasən, məcburi tibbi müayinədən keçməkdən imtina edən və ya bu öhdəlikdən yayınan miqrantlar 25 min rubldan 50 min rubladək cərimə ediləcəklər.

Bununla yanaşı, həmin şəxslər barəsində inzibati qaydada deportasiya qərarı da tətbiq olunacaq.Qanunla müəyyən edilən müddətdə cərimə ödənilmədiyi halda isə məbləğ ikiqat artırılacaq.

Yeni qanun miqrantlar arasında narkotik asılılığı, təhlükəli yoluxucu xəstəliklər və HİV infeksiyasının aşkar olunmasına yönəlmiş məcburi tibbi müayinələr zamanı qaydaları pozan şəxslər və qurumlar üçün də cəzalar müəyyən edir.

Cərimələr aşağıdakı şəkildə olacaq:

- Fiziki şəxslər üçün - 25 min rubldan 100 min rubladək;
- Vəzifəli şəxslər üçün - 100 min rubldan 200 min rubladək;
- Hüquqi şəxslər üçün - 300 min rubldan 1 milyon rubladək.

Bundan əlavə, hüquqi şəxslər üçün pul cəriməsi əvəzinə 14 gündən 90 günədək fəaliyyətin dayandırılması cəzası da tətbiq oluna bilər.

Rusiya hakimiyyəti bildirir ki, yeni dəyişiklik ölkədə yaşayan miqrantların tibbi nəzarət sisteminin effektivliyini artırmağa yönəlib.

Bundan əvvəl də Daxili İşlər Nazirliyinə miqrantların tibbi müayinələri ilə bağlı məlumatların operativ şəkildə ötürülməsini nəzərdə tutan dəyişikliklər edilmişdi.

Səlahiyyətli şəxslər qeyd edirlər ki, əsas məqsəd yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və ictimai sağlamlığı qorumaqdır. 

Nigar Hacılı 
"Cebheinfo.az"