Tarix Əliyev 47 yaşında nələri etiraf etdi?: “Həyat mənə hər şeyi göstərdi”

Tarix Əliyev 47 yaşında nələri etiraf etdi?: “Həyat mənə hər şeyi göstərdi”

“Bu gün həyatımın 47-ci yaşını qarşılayıram. Düzünü desəm, bu yaşa gəlib çatanda insan dönüb geriyə baxır. Keçdiyi yollara, yaşadığı sevinclərə, çəkdiyi əziyyətlərə, itirdiklərinə və qazandıqlarına nəzər salır. Mən də bu gün geriyə baxanda ilk növbədə Allahıma şükür edirəm ki, məni bu günə qədər gətirib çıxarıb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu aparıcı-prodüser Tarix Əliyev sosial media hesabında paylaşıb.

O, doğum günü haqqında təsüratlarını izləyiciləri ilə bölüşüb:

“Həyat mənə hər şeyi göstərdi. Çətin günlər də oldu, sınandığım vaxtlar da. Bəzən yıxıldım, bəzən büdrədim, bəzən də elə anlar yaşadım ki, ayaqda qalmağın özü bir mübarizə idi. Amma heç vaxt təslim olmadım. Hər dəfə yenidən ayağa qalxdım, yoluma davam etdim və bu günə gəlib çatdım.

Bu gün sahib olduğum ən böyük sərvət nə var-dövlətdir, nə də başqa bir şey. Mənim ən böyük sərvətim gözümün nuru, qəlbimin bir parçası olan balamdır. Allahdan ən böyük diləyim odur ki, mənə ömür versin, onun böyüməsini görüm. İlk məktəb gününü, tələbə adını qazandığı günü, uğurlarını, sevincini, xoşbəxtliyini görmək mənə nəsib olsun. Bir ata üçün bundan böyük arzu yoxdur”.

Aparıcı həyatda yaxşı dostlar qazandığını da bildirib:

“Allahıma şükür edirəm ki, ətrafımda məni sevən, mənə dəyər verən, dar günlərimdə yanımda olan insanlar var. Həyatımda yaxşı dostlarım, sadiq dostlarım var. Bu, insanın qazandığı ən böyük nemətlərdən biridir.

Bu gün ad günümü qeyd edərkən yalnız bir şey arzulayıram: Allah mənə sağlam can, güc və səbir versin. Ailəmin, balamın xoş günlərini görməyi nəsib etsin. Mənə inananların, məni sevənlərin sevgisini heç vaxt əskik etməsin.

Məni sevən, hörmət edən, izləyən hər kəsə təşəkkür edirəm. Və ən böyük təşəkkürü Uca Allaha edirəm. Çünki bu gün yaşadığım hər şey, aldığım hər nəfəs onun mənə bəxş etdiyi nemətdir.

47 yaşımın qapısını böyük bir şükür, ümid və dua ilə açıram. Allah hamımıza gözəl ömür, sağlam can və övladlarımızın xoş günlərini görməyi nəsib etsin. Amin”.

"Cebheinfo.az"