Sahil Babayev: “Büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib”
"Dövlət və icmal büdcənin icrası ilə bağlı göstəricilərlə yanaşı, hesabat ilində dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı görülən işlər barədə də məlumatları diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, ötən ilin 25 avqust tarixində ölkə başçısı tərəfindən dövlət maliyyəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanmış və həmin Fərmanla bir sıra tapşırıqlar verilmişdir”.
“Cebheinf.az” xəbər verir ki, bunu Maliyyə naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, həmin tapşırıqlara uyğun olaraq, 2025-ci il ərzində Rəqəmsal Dövlət Maliyyə İdarəetməsi Sistemi yaradılmış, onun əsasnaməsi təsdiqlənib:
“Görülən işlər nəticəsində bu sistemin əsas struktur elementlərindən olan “e-müqavilə”, “e-rüsum”, “büdcə məlumat idarəetmə”, “elektron büdcə bələdçisi”, “dövlət müəssisələrinin rəqəmsal monitorinqi” alt sistemləri, “maliyyə hesabatlılıq portalı” hazırlanaraq istifadəyə verilib.
Bu elektron sistemlər büdcə vəsaitlərinin səmərəli istifadəsinə imkan yaratmaqla bərabər, növbəti dövrlər üçün büdcə xərclərinin effektiv proqnozlaşdırılması, icrasına cari nəzarətin təmin edilməsi, şəffaflığın və ictimai açıqlığın təmin edilməsinə ciddi imkanlar yaradır.
Hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilmiş, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılmış, xəzinədarlıq orqanları tərəfindən ödənişlərin sürəti iki dəfə artırılmışdır.
Bununla yanaşı, ötən il ərzində xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilmiş, regional xəzinədarlıq orqanları mərkəzləşdirilmişdir. Hazırda ölkə üzrə bütün ödənişlər yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir”.
Vilayət Muxtar
“Cebheinfo.az”


