Əli Əhmədov: “Qurtuluş məfkurəsi həmişə xalqa xidmət edəcək”
“Qurtuluş məfkurəsinin və hadisəsinin üç ölçüsünü ayrıca vurğulamaq istəyərdim.
Bunun birincisi Heydər Əliyevin möhtəşəm qayıdışını özündə ehtiva edir və təbiidir ki, yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın Heydər Əliyev kimi tarixi şəxsiyyətlə birləşməsi, hesab edirəm ki, o zamankı Azərbaycanın yenicə qazanmış dövlət müstəqilliyini qoruyub saxlamağın ən möhtəşəm və ən həlledici məqamlarından biri idi.
Buna görə də Azərbaycan xalqı qurtuluş məfkurəsini və qurtuluş hadisəsini müasir Azərbaycan tarixinin ən əhəmiyyətli hadisələrindən biri kimi qeyd edir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında spikerin birinci müavini Əli Əhmədov deyib.
“İkinci ölçü təbii ki, Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü təlatümlü haldan ölkəmizin Heydər Əliyevin həm müdrikliyi, həm də idarəçiliyi sayəsində qurtulması ilə əlaqədardır.
Yəqin ki, birmənalı şəkildə hamımız etiraf edirik ki, Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın müasir tarixi tamamilə başqa bir istiqamətdə cərəyan edərdi və bizim indi malik olduğumuz nailiyyətlər yəqin ki, tamamilə başqa bir şəkildə, formada reallığa çevrilmiş olardı.
Nəhayət, mən qeyd etmək istədiyim üçüncü məqam və ölçü ondan ibarətdir ki, qurtuluş hadisəsi və qurtuluş məfkurəsi Azərbaycanın keçmişi deyil, eyni zamanda Azərbaycanın həm müasir bu günü, həm də gələcəyidir.
Bizim əldə etdiyimiz nailiyyətlərin hər biri, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun şəkildə həyata keçirilən siyasət nəticəsində əldə olunubdur”-deyə, Ə.Əhmədov qeyd edib.
Əli Əhmədov əlavə edib ki, Azərbaycanın möhtəşəm tarixi qələbəsi, Qarabağın azad olunması da mahiyyət etibarilə özünün başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür. Bu mənada Azərbaycan xalqı əmindir ki, qurtuluş məfkurəsi bundan sonra da Azərbaycan xalqına xidmət edəcək:
“Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da Azərbaycanın əldə edəcəyi bütün nailiyyətlərdə bu və ya digər dərəcədə qurtuluş məfkurəsinin elementləri özünü aydın şəkildə nümayiş etdirəcəkdir”.
Vilayət Muxtar
“Cebheinfo.az”


