Dünya Kuboku oyunundan əvvəl qarşıdurma baş verib
Meksikanın Dünya Kubokundakı açılış qələbəsinə, oyundan əvvəl Asteka stadionunun xaricində yaşanan şiddətli toqquşmalar kölgə salıb.
Bileti olmayan azarkeşlər və etirazçı qruplar stadiona daxil olmağa çalışıblar.
"Cebheinfo.az" xəbər verir ki, stadionun səkkiz saylı qapısı qarşısında polisə daş və şüşələr atılarkən, yerli mətbuat hadisələr nəticəsində onlarla şəxsin saxlanıldığını bildirib.
Mexiko polisi turnirə hazırlıq müddətində, həftə ərzində müəllimlərin, təqaüddə olan hakimlərin və ölkədə itkin düşən 130 min insanın ailələrinin etirazları ilə qarşılaşmışdı; lakin stadion qarşısındakı qarşıdurmanın siyasi motiv daşımadığı qeyd edilib.
Qapıya hücum etməyə çalışan maskalı bir qrup polisə kərpic, molotov kokteyli və müxtəlif əşyalar fırladıb. Hücumlar səbəbindən bir neçə polis əməkdaşının tibbi yardıma ehtiyacı yaranıb.
Meksika Vətəndaş Təhlükəsizliyi Katibliyinin mətbuat katibi verdiyi açıqlamada:
"Təxminən 800 etirazçıdan ibarət iki qrupdan ayrılan 200-ə yaxın maskalı şəxs iğtişaş törədib, lakin vəziyyət metropoliten polisi tərəfindən nəzarətə götürülüb", – ifadəsini işlədib.
Stadion ətrafındakı 3 kilometrlik yolun bağlanması tədbirlərinə baxmayaraq, ən azı beş fərqli etirazçı qrup bölgəyə toplaşıb.
Buna baxmayaraq, oyunun başlama fitinin təxirə salına biləcəyi ilə bağlı narahatlıqlar əsassız çıxıb və qarşılaşma vaxtında başlayıb.
Şəhərin mərkəzi Sökalo meydanındakı "FIFA Fanfest" tədbiri də etirazçı qrupların ləğv etdirmək cəhdlərinə rəğmən planlaşdırıldığı kimi keçirilib.
Meksika Prezidenti Klaudia Şeynbaum isə biletini lotteryada qalib gələn 21 yaşlı bir gəncə hədiyyə etdiyi üçün qarşılaşmanı stadiondan izləməyib.
Nigar Hacılı
"Cebheinfo.az"


