Maliyyə naziri: “Hədəf büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır”
“2025-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 873 milyon manat və ya proqnoza nisbətən 79 milyon manat çox, yerli xərcləri isə 717 milyon manat icra olunub”.
“Cebheinfo.az” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, regionların mərkəzi büdcədən maliyyə asılılığının azalması da 2025-ci ilin müsbət nəticələrindəndir:
“Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya əvvəlki illə müqayisədə 25,2 milyon manat və ya 13,6 faiz azalıb. Yerli gəlirlər hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini göstərir. Beləliklə, ötən il fiskal orqanlar tərəfindən daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə yetirilib”.
S.Babayev əlavə edib ki, 2025-ci il icmal büdcənin gəlirləri 48 mlrd. manat, xərcləri isə 44,6 mlrd. manat təşkil edib, icmal büdcə də profisitlə icra olunub.
Ümumilikdə, 2025-ci ildə ölkədə makroiqtisadi sabitliyin qorunması, dövlət gəlirlərinin artırılması, qeyri-neft sektorunun genişləndirilməsi, borc dayanıqlılığının təmin edilməsi və sosial öhdəliklərin maliyyələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayan nazir qarşıdakı dövr üçün hədəflərdən də danışıb.
“Əsas hədəf müsbət nəticələri möhkəmləndirmək, qeyri-neft gəlirlərinin artımını sürətləndirmək, dövlət xərclərinin səmərəliliyini yüksəltmək, büdcə sisteminin nəticəyönümlülüyünü daha da artırmaqdır. Əminik ki, həyata keçirilən məqsədyönlü iqtisadi və fiskal siyasət ölkəmizin maliyyə dayanıqlılığının möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və inkişaf hədəflərinə xidmət edəcək”, - deyə nazir qeyd edib.
Vilayət Muxtar
“Cebheinfo.az”


