Kredit faizini dövlət ödəyəcək: Azərbaycanda ucuzlaşma başlayır?

Kredit faizini dövlət ödəyəcək: Azərbaycanda ucuzlaşma başlayır?

Azərbaycanda birillik əkin aparan fermerlər üçün yeni güzəştli maliyyələşdirmə mexanizminin tətbiqi cərcivəsində, əkin məqsədilə götürülən kreditlər üzrə illik faiz dərəcəsinin 19 %-ə qədər olan hissəsi dövlət büdcəsi hesabına maliyyələşdiriləcək və fermerlər kredit müddətinin sonunda yalnız əsas borcu geri ödəyəcəklər. 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq etməklə yanaşı, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmağı hədəfləyir. 

Qeyd edilir ki, əsas məqsəd kredit faizlərini dövlətin qarşılaması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir. 

Güzəştli kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək. 

Bu kreditlər və kənd təsərrüfatının inkişafında irəliləyişə və qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda birillik əkin aparan fermerlər üçün faizsiz və ya çox aşağı maliyyətli kreditlərin təqdim edilməsi onların maliyyə yükünü əhəmiyyətli dərəcədə azalda bilər: 

“Kredit üzrə faizlərin dövlət tərəfindən qarşılanması fermerlərə toxum, gübrə, yanacaq, suvarma və digər istehsal xərclərini daha rahat maliyyələşdirmək imkanı verəcək. Bu da əkin sahələrinin genişlənməsinə, məhsuldarlığın artmasına və bəzi fermerlərin istehsal fəaliyyətini davam etdirməsinə müsbət təsir göstərə bilər. 

Belə mexanizm kənd təsərrüfatında investisiya imkanlarını artıraraq strateji əhəmiyyət daşıyan məhsulların istehsalını stimullaşdıra bilər. Xüsusilə taxıl, qarğıdalı, günəbaxan, kartof, tərəvəz və texniki bitkilər üzrə istehsalın artması ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və idxaldan asılılığın müəyyən qədər azalmasına kömək edə bilər”. 

İqtisadçının sözlərinə görə, bununla yanaşı, kreditlərin müsbət təsiri yalnız maliyyələşdirmə ilə məhdudlaşmır: 

“Gözlənilən nəticələrin əldə olunması üçün fermerlərin müasir aqrotexniki biliklərə çıxışının artırılması, su təminatının yaxşılaşdırılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı risklərinin effektiv idarə olunması da vacibdir. 

Əks halda, əlverişsiz hava şəraiti, məhsul itkisi və ya satış problemləri kreditlərin səmərəsini azalda bilər. Nəticə etibarilə, yeni güzəştli maliyyələşdirmə mexanizmi düzgün tətbiq edildiyi və digər dəstək tədbirləri ilə tamamlandığı halda fermerlərin fəaliyyətinin genişlənməsinə, gəlirlərinin artmasına və kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”