Dünya Kubokunda yeni dövr başlayır - VİDEO
2026-cı il FIFA Dünya Kubokunun açılış oyununda hakimlərin istifadə etdiyi yeni texnologiya futbolsevərlərin marağına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, Meksika-Cənubi Afrika matçını idarə edən braziliyalı hakim Uiilton Sampaio qulaqlıq sisteminə inteqrasiya olunan xüsusi kamera ilə meydana çıxıb.
İlk baxışdan adi rabitə qurğusuna bənzəsə də, bu avadanlıq əslində FIFA-nın Dünya Kuboku üçün tətbiq etdiyi yeni “Ref Cam” (hakim kamerası) texnologiyasıdır. Kamera hakimin qulaqlığının yan hissəsinə yerləşdirilib və oyunu birbaşa onun baxış bucağından çəkir.
Yeni sistem sayəsində azarkeşlər matçı yalnız stadion və televiziya kameralarından deyil, həm də hakimin gördüyü şəkildə izləyə biləcəklər. Yüksək keyfiyyətli görüntü təqdim edən kamera süni intellektlə dəstəklənən görüntü sabitləşdirmə texnologiyası ilə təchiz olunub. Bu isə hakimin qaçışı zamanı yaranan titrəmələri minimuma endirir.

FIFA rəsmilərinin sözlərinə görə, məqsəd azarkeşlərə oyuna fərqli baxış bucağı təqdim etmək, eyni zamanda, hakim qərarlarının necə verildiyini daha aydın göstərməkdir. Hakimlərin gördüyü görüntülər həm canlı yayımlarda, həm də təkrar epizodlarda istifadə oluna bilər.
Məlumata görə, bu texnologiya ilk dəfə 2025-ci ildə keçirilən Klublararası Dünya Çempionatında sınaqdan keçirilib. FIFA həmin təcrübənin uğurlu nəticə verdiyini bildirərək sistemi 2026 Dünya Kubokunun bütün oyunlarında tətbiq etmək qərarı verib.
FIFA Hakimlər Komitəsinin sədri bildirib ki, yeni kamera yalnız azarkeşlər üçün deyil, hakimlərin təlim və fəaliyyətinin təhlili baxımından da əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hakimin nə gördüyünü görmək qərarların qiymətləndirilməsində mühüm rol oynayır.
"Cebheinfo.az"


