CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Beynəlxalq Qiymətləndiricilər Həftəsi çərçivəsində Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) 5-ci Forumunda iştirak edib.

Qırğızıstan Qiymətləndiricilər Birliyinin yaradılmasının 30 illiyinə təsadüf edən forum, Türk dünyasının peşəkar qiymətləndiricilərini və beynəlxalq ekspertləri bir araya gətirib.

Forumun açılış mərasimində geniş nitqlə çıxış edən AQC İdarə Heyətinin sədri sədri Vüqar Oruc tədbir iştirakçılarını qırğız dilində salamlayaraq qardaş ölkənin qiymətləndirmə icmasını 30 illik yubiley münasibətilə təbrik edib və Şura adından Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri Sovetbek Zakirova xüsusi hədiyyə təqdim edib.

“21-ci əsr – Türk əsridir!” – deyən Vüqar Oruc, Türk dövlətləri başçılarının ortaya qoyduğu sarsılmaz birlik və strateji xəttin peşəkar qiymətləndiricilər üçün əsas yol xəritəsi olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi dövr üzrə geniş hesabat məruzəsini təqdim edərək, 2022-ci ildən bəri Bakı Zirvəsindən başlayan təşkilatlanma prosesini, Türkistan, Ankara, Bakı və Daşkənd forumlarında qəbul edilən mühüm qərarları diqqətə çatdırıb. Süni maneələrə baxmayaraq, Şuranın Rusiya, Belarus və Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGOVA) platformalarında uğurla təmsil olunduğunu və beynəlxalq arenada ciddi nüfuz qazandığını qeyd edib.

Forumun ikinci hissəsində təşkilatın gələcək fəaliyyəti ilə bağlı tarixi qərarlar qəbul olunub. Şuraya rəhbərlik missiyası növbəti dövr üçün rəsmən Azərbaycandan Türkiyəyə – Türkiyə Dəyərləmə Uzmanları Birliyinin (TDUB) başqanı Yaşar Bahçeciyə keçib. Qırğızıstan nümayəndəsi Sovetbek Zakirov ise vitse-prezident vəzifəsinə seçilib. Forumda yeni rəhbərliyin rəsmi nümayəndəsiCAATS-ın baş katibi, TDUB İdarə Heyətinin üzvü Emrullah Acar çıxış edərək CAATS-ın institusional güclənməsi üçün atılacaq addımları bəyan edib.

Təşkilat daxilində Standartlar və Metodologiya Komitəsi, Arbitraj Komissiyası, həmçinin Sertifikatlaşdırma və Təhsil Komitəsi təsis olunub.

Türk dövlətləri arasında təcrübə mübadiləsini genişləndirmək məqsədilə 6 aylıq dövrü əhatə edən rəqəmsal “CAATS dərgisi”nin nəşrinə qərar verilib.

Şuranın qurulmasında, Türk dünyası qiymətləndiricilərinin vahid platformada birləşməsində və beynəlxalq inteqrasiyasında göstərdiyi müstəsna xidmətlərə, fədakar liderlik fəaliyyətinə görə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri sədri Vüqar Oruc yekdil qərar ilə CAATS-ın Fəxri Prezidenti elan edilib. Bu qərarın sadəcə bir ünvan deyil, Vüqar Orucun Türk dünyası qarşısındakı xidmətlərinə göstərilən ali ehtiramın ifadəsi olduğunu vurğulanıb.

Forumun panel müzakirələrində Azərbaycan nümayəndə heyətinin üzvləri aktual mövzularda məruzələrlə çıxış ediblər. Tədbirdə çıxış edən AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əliyev Türk dövlətlərində qiymətləndirmə fəaliyyətinin inteqrasiyası və beynəlxalq standartların milli qanunvericiliklərlə uzlaşdırılması prinsiplərindən danışıb. O.Əliyev diqqətə çatdırıb ki, Türk dünyasında vahid əmlak və qiymətləndirmə bazarının formalaşması üçün milli hüquqi bazaların beynəlxalq standartlara (IVS) uyğunlaşdırılması və ortaq metodoloji resursların yaradılması günümüzün əsas tələblərindəndir.

Forumun növbəti günündə isə AQC Tikinti, abadlıq və köçürmə komissiyasının sədr müavini, “Ekspert Audit” şirkətinin direktoru İlham Bağırov “Təbii resursların qiymətləndirilməsi, enerji keçidi və beynəlxalq standartların rolu” mövzusunda geniş məruzə edib. İ.Bağırov qlobal ekoloji çağırışlar və yaşıl enerjiyə keçid fonunda təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin müasir metodlarından bəhs edərək, bu istiqamətdə Azərbaycanın qazandığı qabaqcıl təcrübəni forum iştirakçılarının diqqətinə çatdırıb.

Beynəlxalq Forum Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın, investisiya təhlükəsizliyinin və peşəkar həmrəyliyin möhkəmlənməsinə yönəlmiş geniş müzakirələrlə işini uğurla yekunlaşdırıb.

"Cebheinfo.az"