Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək?
Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
Onun sözlərinə görə, yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək:
"Burada bəzi öhdəliklər həm də provayderlərin üzərində düşür.
Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan "infinite scroll" (sonsuz sürüşdürmə) və videolann avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynlann tətbiqi qadağan olunur.
Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim edilməlidir".
O vurğulayıb ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli və yaşın uyğunluğu təsdiq edilmədiyi halda dərhal silinməlidir:
"Bu məlumatlann kommersiya (reklam) məqsədilə istifadəsi və üçüncü tərəfə ötürülməsi qadağan olunur. Provayderlər zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində silməli və bu prosesi 24/7 rejimində rəqəmsal həllərlə təmin etməlidirlər".
Maraqlıdır, sosial şəbəkələrdə yaş qadağası nələri dəyişəcək?
Kibertəhlükəsizlik üzrə ekspert, "Onlive.az"-ın rəhbəri Əmrah Mövsümzadə “Cebheinfo.az”-a bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyətinin daha ciddi şəkildə yoxlanılması uşaq və yeniyetmələrin rəqəmsal təhlükəsizliyinin təmini baxımından mühüm addım hesab oluna bilər.

“Yaşın bank kartı, elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması ilə təsdiqlənməsi sosial media platformalarının istifadəçilərin real yaşını daha dəqiq müəyyən etməsinə imkan verəcək.
Bu dəyişiklik ilk növbədə azyaşlıların yaşlarına uyğun olmayan məzmunlara çıxışının məhdudlaşdırılmasına, eləcə də onların onlayn risklərdən qorunmasına xidmət edir.
Hazırda bir çox sosial şəbəkə istifadəçisi qeydiyyat zamanı yaşını sərbəst şəkildə qeyd edə bildiyi üçün yaş məhdudiyyətləri praktikada tam işlək olmur. Yeni yanaşma isə bu boşluqları müəyyən qədər aradan qaldıra bilər".
Onun sözlərinə görə, yaş yoxlanmasının tətbiqi sosial şəbəkələrdən istifadədə də müəyyən dəyişikliklər yaradacaq:
"İstifadəçilər hesab açarkən və ya bəzi məlumat və xidmətlərdən yararlanarkən əlavə identifikasiya mərhələlərindən keçməli olacaqlar. Bu isə saxta hesabların və yaşla bağlı yanlış məlumatların sayının azalmasına kömək edə bilər.
Digər tərəfdən, belə mexanizmlərin tətbiqi zamanı şəxsi məlumatların qorunması məsələsinə xüsusi diqqət yetirilməsi vacibdir. İstifadəçilərin bank kartı, telefon nömrəsi və digər məlumatları yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə emal edilməli və təhlükəsiz saxlanılmalıdır.
Bu cür məhdudiyyətlər sosial şəbəkələrin daha ağıllı və məqsədyönlü istifadəsinə müəyyən dərəcədə təsir göstərə bilər. Yaş qruplarına uyğun məzmun filtrasiyasının gücləndirilməsi uşaqların və yeniyetmələrin zərərli informasiyalara, kibertəhdidlərə və manipulyativ məzmunlara məruz qalma riskini azalda bilər. Eyni zamanda, platformalar istifadəçilərin yaş xüsusiyyətlərinə uyğun xidmətlər təqdim etməyə daha çox maraq göstərəcə.
Lakin qeyd etmək lazımdır ki, yaş yoxlanması təkbaşına bütün problemləri həll edən vasitə deyil. Rəqəmsal savadlılığın artırılması, valideyn nəzarəti tətbiqlərindən geniş istifadə və istifadəçilərin kibertəhlükəsizlik barədə maarifləndirilməsi də vacib amillərdəndir”.
Ekspert qeyd edir ki, effektiv nəticə əldə etmək üçün texnoloji nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirici tədbirlər də paralel şəkildə həyata keçirilməlidir.
Aişə Abdulova
“Cebheinfo.az”

