İş saatı dəyişir: Bakının tıxacına da təsir edəcək?
Bakıda illərdir sürücülərin və sərnişinlərin gündəlik probleminə çevrilən tıxaclarla mübarizədə yeni mərhələyə keçid müzakirə olunur.
Paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də özəl sektor üçün dəyişkən iş qrafikinin tətbiqi nəzərdə tutulur.
Bu yanaşma həyata keçirilərsə, uzun illər əmək bazarında standart hesab olunan saat 09:00-dan 18:00-dək iş rejimi tədricən dəyişə bilər.
İşə başlama və bitirmə saatlarının fərqləndirilməsi pik saatlarda yollara düşən nəqliyyat vasitələrinin sayını azaltmaqla şəhərdə hərəkətin daha rahat təşkilinə imkan verə bilər.
Bakıda tıxac probleminin həlli üçün iş saatlarının dəyişdirilməsi nə dərəcədə effektiv olacaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, iş saatları ilə bağlı dəyişiklik tıxacların azalmasına kömək edə bilər:

“Bakıda tıxacların azaldılması məqsədilə iş qrafiklərinin dəyişdirilməsi uzun müddətdir müzakirə olunan məsələlərdən biridir. Bu istiqamətdə ilk növbədə dövlət qurumları və büdcədən maliyyələşən təşkilatlarda dəyişikliklərin tətbiqi daha real görünür.
Çünki belə müəssisələrdə iş rejiminin dəyişdirilməsi bir qərar və ya əmr əsasında həyata keçirilə bilər. Nəzərə alsaq ki, dövlət və büdcə təşkilatlarında yüz minlərlə insan çalışır, bu sahələrdə çalışanların sayı 880 minə yaxındır. Onların iş saatlarının daha çevik təşkili müəyyən dərəcədə tıxacların azalmasına kömək edə bilər.
Amma burada məktəblər məsələsi ön plana çıxır. Hazırda məktəblərdə dərslər əsasən saat 08:00-da başlayır. Məktəblərin sayının və mövcud yerlərin məhdud olması, xüsusilə də Bakıda, dərs saatlarının çevik şəkildə dəyişdirilməsini çətinləşdirir.
Məsələn, dərslər saat 10:00-da başlasa, günün ikinci yarısında, təxminən 15:00-16:00-da başa çatacaq. Bu zaman uşaqların qidalanması, uzun müddət ac qalması kimi məsələlər də gündəmə gələ bilər.
Ona görə də burada daha çevik və balanslı mexanizmin yaradılmasına ehtiyac var. Özəl sektorun bu prosesə qoşulması isə təşviq mexanizmləri vasitəsilə mümkün ola bilər.
Hökumət çevik iş qrafiki təqdim edən şirkətlər üçün müəyyən vergi güzəştləri nəzərdə tuta bilər. Düzgün mexanizm yaradılarsa, bunun tıxacların azalmasına ciddi təsirini görmək mümkün olar”.
O qeyd edib ki, lakin tıxac probleminin həlli yalnız bununla yekunlaşmır:
“Bakı şəhərinin üzərində olan yükün azaldılmasına təcili ehtiyac var. Çünki tıxac problemi əsasən paytaxtda müşahidə olunur. Digər şəhərlərin də böyüməsinə və inkişaf etməsinə ehtiyac var.
Məsələn, Xankəndinin yarım milyonluq şəhərə, Gəncənin 700-800 min əhalisi olan böyük şəhərə çevrilməsi, həmçinin Şəki və Mingəçevir kimi şəhərlərin inkişafı ölkə üzrə əhalinin daha balanslı yerləşməsinə şərait yarada bilər.
Bakının yükünün bir hissəsinin regionlara yönəlməsi hərtərəfli müsbət nəticələr verə bilər. Bunun üçün bölgələrdə yeni iş yerlərinin yaradılmasına, iqtisadi imkanların genişləndirilməsinə və sosial infrastrukturun inkişafına xüsusi diqqət yetirilməlidir”.
Gülər Həsənli
“Cebheinfo.az”

