DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək

DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək

Bu gün start götürəcək futbol üzrə dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq.

"Report"un məlumatına görə, mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.

Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 deyil, 48 milli komanda mübarizə aparacaq. Beləliklə, iştirakçıların sayı 16 komanda artırılıb.

Turnir çərçivəsində rekord sayda - 104 oyun keçiriləcək.

Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.

ABŞ-də oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Houston, Boston Kansas, Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San-Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.

Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur "Estadio Azteca" stadionunda baş tutacaq. Final qarşılaşması isə ABŞ-nin Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən "MetLife Stadium"da baş tutacaq.

DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur.

DÇ-2026

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Xatırladaq ki, bu gün start götürəcək DÇ-2026 iyulun 19-da başa çatacaq.

"Cebheinfo.az"