Paşinyan: “Müharibə olmayacaq, sülh olacaq”

Paşinyan: “Müharibə olmayacaq, sülh olacaq”

“Müharibə olmayacaq, sülh olacaq”.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə çıxışı zamanı bildirib. 

Təşviqat kampaniyası zamanı rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının konstitusiya çoxluğu qazanmayacağı təqdirdə, sentyabrda müharibə olacağı ilə bağlı səsləndirilən iddiaya dair sualı cavablandırarkən, o, sülhü qoruyacağını vəd edib.

Paşinyanın sözlərinə görə, sülhün institusionallaşdırılmasının yollarından biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsidir. Baş nazir layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik enerjisi xəttinin qurulacağını, neft və qaz kəmərlərinin çəkilməsinin isə sual altında olduğunu deyib.

“Bu üç komponent artıq sülhdür. Təsəvvür edin, biz Azərbaycan ərazisindən keçirik, onlar Ermənistandan keçir. Qatarlar hərəkət edir. Bu, sülhdür”, - Paşinyan əlavə edib. 

O, Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası üzərində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

“Ümumiyyətlə, bütün səylər bu ağır səhifəni çevirməyə yönəldiləcək. Delimitasiyaya gəldikdə isə, proses davam edəcək. İkitərəfli ticarət inkişaf edir. Əminəm ki, bu istiqamət də inkişaf edəcək”, - Baş nazir qeyd edib.

"Cebheinfo.az"