Fransa, İspaniya, yoxsa Argentina? - Bu dəfə ekspertlər çempion seçirlər
2026-cı il Dünya Çempionatı futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi ən böyük idman hadisələrindən biridir.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi turnir həm yeni formatı, həm də iştirakçı komanda sayının artırılması ilə əvvəlki mundiallardan fərqlənəcək. Bu isə daha çox oyun, daha çox rəqabət və daha çox sürpriz vəd edir.
Son illər milli komandaların nümayiş etdirdiyi performanslar çempionluq uğrunda mübarizənin kifayət qədər gərgin keçəcəyini göstərir. Son dünya çempionu Argentina titulunu qorumağa çalışacaq, Fransa və İspaniya son turnirlərdəki uğurlarını davam etdirmək niyyətində olacaq.
Braziliya, İngiltərə və Almaniya kimi futbol nəhəngləri də uzun fasilədən sonra yenidən zirvəyə yüksəlmək üçün mübarizə aparacaqlar.
Lakin dünya çempionatlarının tarixi göstərir ki, favorit olmaq hər zaman çempion olmaq demək deyil. Hər mundialda gözlənilməz nəticələr, sensasiyalar və yeni qəhrəmanlar ortaya çıxır.
Məhz buna görə də futbol ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biri 2026-cı ildə kuboku hansı komandanın qazanacağıdır.
Bəs turnirlə bağlı idman ekspertləri nə düşünürlər?
2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının əsas favoriti ilə bağlı “Cebheinfo.az”-ın sorğusunu cavablandıran idman ekspertləri fərqli fikirlər səsləndiriblər.
İdman eksperti Ağa Dadaşzadə bildirib ki, azarkeşləri olduqca maraqlı turnir gözləyir:

“Düşünürəm ki, bu mundial əvvəlkilərdən fərqli olacaq. Yeni formatın tətbiqi və iştirakçı sayının artması turnirə yanaşmanı da dəyişəcək. Təbii ki, favoritlər var – İspaniya, Fransa və Argentina. Bununla yanaşı, sürpriz edə biləcək komandalar da var və onları zəif hesab etmək olmaz.
Həmin komandalar da bu turnirdə tarix yaza bilərlər. Eyni zamanda, İspaniyanın 12 il əvvəl qazandığı uğuru təkrarlamaq şansı da var. Hesab edirəm ki, bizi çox maraqlı mundial gözləyir. Bununla belə, əsas favoritlər kimi yenə də İspaniya, Fransa və Argentina milli komandalarını görürəm. Amma futbol elə oyundur ki, burada hər şey mümkündür. Ona görə də sürpriz nəticələrin şahidi ola bilərik”.
İdman eksperti Kənan Məstəliyev isə bildirib ki, hazırkı vəziyyətdə ən real namizəd Fransa yığmasıdır:

“Dünya çempionatının əsas favoritləri sırasında İspaniya və Fransa yer alır. Hər iki komanda çox güclü heyətə malikdir. Bununla yanaşı, Lionel Messinin yer aldığı Argentina, Kriştiano Ronaldolu Portuqaliya, yenidən yüksəliş dövrünə qədəm qoyan Braziliya və İngiltərə yığmalarını da favoritlər sırasında göstərmək olar.
Yəni çempionluq uğrunda mübarizə aparacaq bir neçə ciddi namizəd var. Ancaq mənim fikrimcə, onların arasında ən real namizəd Fransa millisidir. Çünki komandanın heyəti həqiqətən də çox güclüdür və böyük potensiala malikdir”.
Aişə Abdulova
“Cebheinfo.az”

