Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir?

Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir?

Bu gün Azərbaycanda zəlzələ baş verib.

Yeraltı təkanlar Oğuz, Ağdaş, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Şirvan, Şəki, Xankəndi və başqa ərazilərdə də hiss edilib.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində 5 baldan yuxarı yeraltı təkanların baş verdiyini açıqlayıb.

Maraqlıdır, Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir?

Yer elmləri üzrə elmlər doktoru, professor, seysmoloq Qulam Babayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan yüksək seysmik aktivliyə malik ölkələr sırasındadır:

“Belə ki, Azərbaycan Avrasiya və Ərəbistan tektonik plitələrinin qarşılıqlı təsir zonasında yerləşdiyi üçün burada davamlı olaraq hiss olunan zəlzələlər baş verir. Dağıdıcı və fəlakətli zəlzələlərin baş verməsi istisna hallardır, lakin hiss olunan zəlzələlər mütəmadi olaraq qeydə alınır. 

Xüsusilə Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala bölgələri, Talış dağları və Xəzər dənizinin Azərbaycan sektoru daha yüksək seysmik təhlükə ilə səciyyələnir.

Qəbələ rayonunda 3-5 maqnitudalı hiss olunan zəlzələlər baş verir. Hazırda qeydə alınan zəif və ya orta güclü zəlzələnin yaxın zamanda daha böyük zəlzələyə səbəb olacağını isə dəqiq demək mümkün deyil. Müasir elm hələlik zəlzələlərin dəqiq vaxtını və yerini əvvəlcədən proqnozlaşdıra bilmir.

Bu gün Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir. Geoloji baxımdan 7 maqnitudalı zəlzələnin baş verməsi mümkündür.

Lakin bölgədə tektonik hərəkətlər o qədər də intensiv deyil. Buna baxmayaraq, 4, 4.5 və 5.5 maqnitudalı zəlzələlər davamlı olaraq qeydə alınır.

Zəlzələlərin baş verməsinin əsas səbəbi yer qabığında toplanan tektonik gərginliyin qəfil boşalmasıdır. Yer qabığı müxtəlif tektonik plitələrdən ibarətdir və bu plitələr daim, çox yavaş sürətlə hərəkət edərək gərginlik yaradır.

Bu gərginlik kritik həddə çatdıqda qırılma baş verir və toplanmış enerji seysmik dalğalar şəklində ayrılaraq ətrafa yayılır. Həmin dalğalar yer səthində titrəyişlər yaradır ki, biz bunu zəlzələ kimi hiss edirik”.

Seysmoloq qeyd edib ki, zəlzələlərin əksəriyyəti tektonik mənşəli olsa da, bəzi hallarda vulkanik fəaliyyət, su anbarlarının yaradılması, mədən işləri və digər insan fəaliyyəti nəticəsində də baş verə bilər.

Onun sözlərinə görə, Qəbələdə qeydə alınan son zəlzələ isə tektonik mənşəlidir.

Aişə Abdulova
“Cebheinfo.az”