Razılaşma olacaq: Yoxsa bu dəfə də söz oyunu gedir?
Yaxın Şərqdə hərbi-siyasi eskalasiyanın intensivləşməsinə baxmayaraq, ABŞ ilə İran arasında razılaşma əldə olunub.
“Axio”-un məlumatına görə, ABŞ və İran atəşkəsin 60 günlük uzadılmasını və İranın nüvə proqramı üzrə danışıqların bərpasını nəzərdə tutan ilkin razılaşmanın mətni ilə razılaşıblar. Lakin Tehran hələlik yekun razılığını verməyib.
“Axios” yazır ki, memorandumda Hörmüz boğazının heç bir tranzit haqqı olmadan dərhal açılması və İranın razılaşmanın şərtlərinə əməl etməsi müqabilində ABŞ sanksiyalarının tədricən ləğvi nəzərdə tutulur. BMT müfəttişlərinin nəzarəti altında İranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsinin azaldılması variantı da müzakirə olunur.
Razılaşma artıq İranda ən yüksək səviyyələrdə təsdiqlənib, lakin ölkənin ali rəhbərliyi hələlik yekun qərar verməyib. İran Xarici İşlər Nazirliyi bildirib ki, Tehran hələ yekun qərar verməyib. Eyni zamanda, o da qeyd olunub ki, vitse-prezident Ceyms Devid Vensin sənədi imzalamaq üçün Avropaya səfəri üçün hazırlıqlar artıq gedir.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar bir çox halda Tehranı daha sərt mövqe tutmağa sövq edir:

“ABŞ və İran arasında nüvə proqramı ilə bağlı hər hansı anlaşma tək bir hadisə və ya hansasa zərbələrlə izah edilə biləcək sadə proses deyil. Bu tip diplomatik proseslər hər zaman çoxqatlıdır və özündə həm texniki danışıqları, həm siyasi təzyiqi, həm də regiondakı hərbi-siyasi dinamikanı paralel şəkildə ehtiva edir.
Tarixi təcrübə göstərir ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar, endirilən zərbələr bir çox halda Tehranı daha sərt mövqe tutmağa və daxili siyasi baxımdan geri addım atmamağa sövq edir. Amma o da var ki, iqtisadi və təhlükəsizlik təzyiqləri artdıqca, danışıqlara qayıtmaq və razılaşama motivasiyası da güclənir. Yəni başqa sözlə desək, indiki halda hərbi təzyiq avtomatik olaraq diplomatik nəticə doğurmasa da, danışıqlar üçün müəyyən təzyiq fonu yarada bilib”.
R.Bayramov bildirib ki, ABŞ ilə İran arasında konkret anlaşma son hücumlardan əvvəl razılaşdırılıb:
“Əgər ilkin razılaşma xəbəri doğrudursa, onu yalnız son hadisələrin nəticəsi kimi deyil, daha uzunmüddətli diplomatik kanalların məhsulu kimi görmək daha məntiqlidir.
Məlumdur ki, belə razılaşmalar çox vaxt gizli və uzunmüddətli kanallarda formalaşır. ABŞ və İran arasında ilk nüvə anlaşması ilə bağlı danışıqları da yada saldıqda görürük ki, rəsmi açıqlamalardan əvvəl aylarla, bəzən illərlə davam edən dolayı diplomatiya mövcud olub. Buna görə də əgər razılaşma varsa, bu, böyük ehtimalla əslində çoxdan gedən prosesin nəticəsidir”.
Politoloq əlavə edib ki, sazişin avtomatik olaraq sülh təminatçısına çevriləcəyini iddia etmək olduqca çətindir:
“Çünki Yaxın Şərqdəki böhranların əsas səbəbləri yalnız nüvə proqramı ilə məhdudlaşmır. Regionda geosiyasi rəqabət və böyük güclərin maraqlar toqquşması kimi amillər qalmaqda davam edir.
İranın regional siyasəti ilə bağlı narahatlıqlar da bir çox ölkələrin gündəmində qalır. Bu səbəbdən nüvə məsələsində əldə olunacaq razılaşma bütün regional problemlərin həllindən daha çox gərginliyin müəyyən istiqamətdə idarə olunmasına xidmət edə bilər.
Amma bütün bunlara baxmayaraq, sazişin imzalanması və İranın nüvə proqramı ətrafında gərginliyin azaldılması regionda hərbi qarşıdurma riskini aşağı sala, enerji bazarlarında sabitliyi gücləndirə və diplomatik kanalların yenidən açılmasına şərait yarada bilər ki, bu da olduqca əhəmiyyətlidir”.
Yunis Abdullayev
“Cebheinfo.az”


