Sülh müqaviləsi nə vaxt imzalanacaq: “Müxalifət daha mane ola bilməyəcək”

Sülh müqaviləsi nə vaxt imzalanacaq: “Müxalifət daha  mane ola bilməyəcək”

Parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyanın yenidən siyasi üstünlüyünü qoruması fonunda diqqətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və tərəflər arasında gözlənilən sülh sazişinin imzalanma perspektivlərinə yönəlib. 

Belə ki, parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib.

"Türkiyə və Azərbaycan cəmiyyətlərinə mesajım budur: Ermənistan xalqı sülhə və regional əməkdaşlığa səs verib", - deyə Paşinyan bildirib.

O, Türkiyə və Azərbaycandan müsbət cavab gözlədiyini bildirib. Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması əsas vəzifə olaraq qalır:

"Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi və Türkiyə ilə sərhədlərimizin açılması lazımdır. Yəni, Türkiyə sərhədi açmalıdır. Diplomatik münasibətlər qurmalıyıq".

Paşinyanın seçkilərdə üstünlüyünü qoruması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və tərəflər arasında uzun müddətdir müzakirə olunan sülh müqaviləsinin imzalanması prosesini necə sürətləndirə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov əvvəlcə Ermənistanda 7 iyun 2026-cı il parlament seçkiləri təkcə hakimiyyət uğrunda növbəti siyasi mübarizə deyil, ölkənin gələcək geosiyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib və Paşinyanın qalib olmasının səbəblərini sadalayıb: 

“Seçkilərin nəticələri göstərdi ki, Ermənistan cəmiyyətinin təxminən yarısı Nikol Paşinyanın təklif etdiyi Avropaya inteqrasiyaya, sülh və transformasiya gündəliyinə üstünlük verdi.

Paşinyanın seçki kampaniyasının əsas xüsusiyyəti onun emosional deyil, praqmatik siyasi mesajlar üzərində qurulması idi. O, seçicilərə Azərbaycanla yeni müharibə və qeyri-müəyyənlik perspektivi ilə iqtisadi inkişaf, regional kommunikasiyaların açılması və beynəlxalq inteqrasiya arasında seçim təqdim etməyə çalışdı”. 

Politoloq əlavə edib ki, seçkiqabağı təbliğatda Paşinyan komandasının istifadə etdiyi ən təsirli taktikalardan biri revanşist qüvvələri keçmişin simvolu kimi təqdim etməsi oldu: 

“Samvel Karapetyan, Robert Köçəryan və ona yaxın siyasi dairələr seçicilərə alternativ kimi təqdim olunsalar da, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi onları korrupsiya, oliqarxik idarəçilik və ölkəni ağır geosiyasi asılılığa sürükləmiş köhnə sistemlə əlaqələndirir. 

Nəticədə seçki kampaniyası “Paşinyan və ya Karapetyan-Köçəryan” qarşıdurmasından daha çox “gələcək və ya keçmiş” seçimi formasında aparıldı”. 

Zaur Məmmədov bildirib ki, digər mühüm amil Ermənistan cəmiyyətində yeni müharibə qorxusunun güclü olması idi:

“2020-ci il müharibəsinin nəticələri, 2023-cü ildə mövzuya nöqtə qoyulması və regionda yaranmış yeni reallıqlar seçicilərin əhəmiyyətli hissəsini daha realist yanaşmaya sövq edib. Bir çoxları anlayır ki, revanşist çağırışlar Ermənistanın hərbi, iqtisadi və demoqrafik imkanları ilə uzlaşmır”.

O qeyd edib ki, Paşinyanın xeyrinə işləyən digər faktor Rusiyanın regiondakı roluna münasibətin dəyişməsi oldu: 

“Son illərdə Ermənistan daxilində Moskvanın təhlükəsizlik zəmanətlərinin effektivliyi ilə bağlı ciddi suallar yaranıb. Bu səbəbdən Rusiyaya yaxın siyasi qüvvələrin mövqeləri əvvəlki illərlə müqayisədə zəifləyib. Paşinyan isə bu narazılığı Qərblə əməkdaşlıq, suveren qərarvermə və çoxşaxəli xarici siyasət ideyaları ilə siyasi kapitala çevirməyə çalışıb”. 

Politoloqun sözlərinə görə, digər mühüm amil əhalinin sosial - iqtisadi vəziyyəti ilə bağlı idi: 

“Səhiyyə sahəsindəki islahatlar, məvacib və pensiyaların artımı, orta biznesin vəziyyəti, yol infrastruktunun yaxşılaşması və s. bu kimi amillər də seçicilərin səs verməsində əsas amillərdən birincilərdə idi. Nəticə etibarilə, 7 iyun 2026-cı il seçkilərində Paşinyanın uğurunu yalnız şəxsi reytinqi ilə izah etmək doğru olmazdı. 

Bu qələbə ilk növbədə Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin yeni müharibə riskini qəbul etməməsinin, köhnə siyasi elitalara etimadsızlığının və regionda formalaşmış yeni geosiyasi reallıqlara uyğunlaşmaq istəyinin nəticəsi kimi qiymətləndirilə bilər. 

Ermənistan seçicisinin 50 faizi ideal hesab etdiyi liderə deyil, mövcud şəraitdə daha real və daha az riskli hesab etdiyi siyasi kursa səs verdi. Lakin bu, o demək deyil ki, erməni cəmiyyəti dəyişib və adekvat olub. Bunun üçün onillər lazımdır”. 

Zaur Məmmədov sülh müqaviləsinin nə vaxt imzalanacağı ilə bağlı sualı cavablandıraraq bildirib ki, bu proses konkret bir tarixlə məhdudlaşmır, həmçinin hazırkı mərhələdə ən vacib məsələ hüquqi və siyasi əsasların tam şəkildə razılaşdırılmasıdır: 

“İndi bizə iki tərəf arasında münasibətlərin hüquqi əsaslarının möhkəmləndirilməsi lazımdır. Sülh müqaviləsinin imzalanması, eləcə də parlamentin və xalqın bu məsələlərə münasibəti vacibdir. 

Paşinyan nə edəcəyini yaxşı bilir. Əgər müxalifət bu prosesə mane olarsa, o zaman səhərlərin birində İrəvanda gözlərini hansı əhval-ruhiyyə ilə açacaqlarını düşünsünlər”.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”