Su hara gedir: Xəzəri Urmu gölünün taleyi gözləyir?

Su hara gedir: Xəzəri Urmu gölünün taleyi gözləyir?

Son dövrlər Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan intensiv yağıntılar, sel və daşqınlar bir daha iqlim dəyişikliklərinin təsirlərini gündəmə gətirib. 

Bir sıra rayonlarda çayların məcrasından çıxması, kənd və təsərrüfat sahələrinin su altında qalması, yolların zədələnməsi göstərir ki, ölkə kifayət qədər böyük həcmdə yağıntı yağır. İlk baxışda belə görünür ki, yağıntıların artması su ehtiyatlarının da çoxalmasına səbəb olmalıdır. 

Məsələn, maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmet olan Urmu gölündə hazırda suyun miqdarı 3.5 milyard kubmetrdir. Bunun isə son həftələr intensiv yağıntılar nəticəsində baş verdiyi, yay aylarında gölün yenidən quruyacağı bildirilir.

Lakin diqqət çəkən maraqlı bir məqam var ki, bütün bu yağışlara və çaylarda müşahidə olunan yüksək sululuğa baxmayaraq, Xəzər dənizində suyun səviyyəsi azalmağa davam edir. Son illər ərzində sahil zolağının geri çəkilməsi, bəzi liman və çimərlik ərazilərində dayazlaşmanın artması mütəxəssislərin də diqqət mərkəzindədir.

Əgər ölkə ərazisində yağışlar artır, çaylar daşır və böyük həcmdə su dövriyyəyə daxil olursa, bəs həmin su hara gedir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirib ki, Xəzər dənizinin su rejimi lokal hadisələrlə deyil, geniş coğrafi hövzədə formalaşan iqlim və hidroloji proseslərlə tənzimlənir: 

“İl ərzində yağan yağıntılar və çaylarda baş verən daşqınlar Xəzər dənizinin su səviyyəsinə təsir göstərsə də, bu təsir olduqca cüzidir. Ümumi su balansı fonunda nəzərəçarpacaq dəyişiklik yaratmır. Belə hadisələr daha çox millimetrlərlə ölçülən qısamüddətli dalğalanmalara səbəb olur və dənizin uzunmüddətli səviyyə trendini dəyişdirmək gücündə deyil. 

Xəzər dənizinin su rejimi lokal hadisələrlə deyil, geniş coğrafi hövzədə formalaşan iqlim və hidroloji proseslərlə tənzimlənir. Dənizin su balansında əsas rolu çay axınları və buxarlanma prosesi oynayır. 

Bu baxımdan xüsusilə Volqa çayı Xəzərə daxil olan suyun ən böyük hissəsini təmin edən əsas mənbə hesab olunur. Ümumilikdə isə Xəzərin səviyyəsi böyük hövzə üzrə formalaşan axım və buxarlanma balansının nəticəsidir”. 

Onun sözlərinə görə, bəzi su hövzələrində, o cümlədən Urmiya gölü kimi ərazilərdə son illərdə müəyyən bərpa və artım tendensiyaları müşahidə edilir: 

“Lakin bu proseslər Xəzər dənizi miqyasında eyni şəkildə təkrarlanmır. Hər bir su hövzəsinin özünəməxsus hidroloji balans mexanizmi mövcuddur və bu sistemlər bir-birindən fərqli şəkildə işləyir. Xəzərin su balansında ən həlledici amillərdən biri buxarlanma ilə çaylardan daxil olan daimi su axını arasındakı nisbətdir. 

Bu səbəbdən yağıntıların artması yalnız uzunmüddətli və geniş regional miqyasda davam etdikdə səviyyəyə daha nəzərəçarpan təsir göstərə bilər. Tək-tək güclü yağışlar və lokal daşqınlar isə ümumi səviyyə dəyişimini formalaşdırmaq üçün kifayət etmir”. O qeyd edib ki, Xəzər dənizinin səviyyəsində baş verən dəyişiklikləri yalnız yağıntılar və daşqınlarla izah etmək elmi baxımdan düzgün deyil:

“Bu, daha çox uzunmüddətli iqlim dəyişiklikləri, çay axınlarının rejimi və buxarlanma proseslərinin qarşılıqlı təsiri nəticəsində formalaşan kompleks hidroloji sistemin göstəricisidir. Mövcud elmi yanaşmalar da göstərir ki, Xəzər dənizinin səviyyəsi dövri xarakter daşıyır və bu dövrlər enmə və qalxma mərhələləri ilə müşahidə olunur. 

Ona görə də bu prosesi sadə şəkildə “yağıntı artdı, səviyyə dərhal yüksəldi” kimi qiymətləndirmək elmi cəhətdən əsaslı sayılmır. Ümumilikdə, Xəzər dənizinin su səviyyəsində müşahidə olunan dəyişikliklər yalnız bir amilin deyil, çoxsaylı təbii proseslərin qarşılıqlı təsirinin nəticəsidir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”