İkinci əl avtomobil bazarında durğunluq yaranıb – SƏBƏB
Son aylarda Azərbaycanda ikinci əl avtomobil bazarında əvvəlki illərlə müqayisədə müəyyən durğunluq müşahidə olunur.
Avtomobil elan platformalarında təkliflərin sayı artsa da, alqı-satqı prosesinin daha ləng getdiyi diqqət çəkir. Bazar iştirakçıları bunu qiymətlərin yüksək qalması, kredit şərtlərinin sərtləşməsi və alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirirlər.
“Cebheinfo.az”-ın araşdırmasına görə, xüsusilə 10-20 min manat aralığında olan avtomobillərə tələbat əvvəlki dövrlərlə müqayisədə azalıb.Alıcılar daha çox qənaətcil yanacaq sərfiyyatına malik və texniki vəziyyəti yaxşı olan modellərə üstünlük verirlər.
Qiymət dinamikasına gəlincə, bəzi markalarda artım, digərlərində isə nisbi ucuzlaşma müşahidə olunur. Xüsusilə ehtiyat hissələrinin əlçatanlığı və servis xərclərinin aşağı olması səbəbindən “Toyota Prius”, “Hyundai Elantra” və “Kia Rio” kimi modellər bazarda dəyərini qoruyub saxlayır.
Hibrid avtomobillərə marağın artması nəticəsində bəzi “Prius” modellərinin qiymətində son bir ildə 5-10 faiz bahalaşma qeydə alınıb.Əksinə, mühərrik həcmi böyük olan və yanacaq sərfiyyatı yüksək avtomobillərə maraq azalıb.
Bu səbəbdən bəzi köhnə buraxılış “Mercedes-Benz E-Class”, “BMW 5 series” və iri həcmli yolsuzluq avtomobillərinin satışında ləngimə və qiymətlərdə müəyyən enmə müşahidə edilir. Araşdırmalara əsasən, bəzi modellər üzrə qiymətlər 5-8 faiz aşağı düşüb.
Bazarda diqqət çəkən digər məqamlardan biri də Çindən idxal olunan yeni avtomobillərin sayının artmasıdır.Nisbətən münasib qiymətə təqdim olunan bu nəqliyyat vasitələri ikinci əl bazarında rəqabəti gücləndirib və bəzi ənənəvi markaların satış tempinə təsir göstərib.
Ekspertlər hesab edirlər ki, yay aylarında xaricdən ölkəyə qayıdan vətəndaşların alıcılıq aktivliyi hesabına bazarda qismən canlanma yarana bilər.
Bununla belə, mövcud iqtisadi şərait dəyişməzsə, ikinci əl avtomobil bazarında yaxın aylarda da qiymətlərin əsasən sabit qalacağı və satışların əvvəlki illərdəki səviyyəyə çatmayacağı gözlənilir.
Aişə Abdulova
“Cebheinfo.az”


