Təyyarə yerə çırpıldı: İki ölü
Dominikan Respublikasında havaya qalxdıqdan qısa müddət sonra mühərrikində nasazlıq yaranan biznes təyyarəsi təcili eniş etməyə çalışarkən hava limanı yaxınlığındakı boş əraziyə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, qəza nəticəsində iki nəfər həyatını itirib.
Fövqəladə Hallar Əməliyyatları Mərkəzinin (COE) ilkin hesabatına əsasən, N318JF qeydiyyat nömrəli “Gulfstream GALX” tipli özəl təyyarə La Romana Beynəlxalq Hava Limanından havaya qalxdıqdan az sonra mühərrik nasazlığı ilə üzləşib.
Bunun ardından ekipaj təcili eniş etmək qərarına gəlib. Lakin təyyarə hava limanı yaxınlığındakı boş sahəyə çırpılıb.
Qəza nəticəsində pilot və ikinci pilot həlak olub. Rəsmilər təyyarədə ekipaj üzvlərindən başqa heç kimin olmadığını bildiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə eniş etməyə çalışan təyyarənin mühərrikindən qalın tüstünün çıxdığı, daha sonra isə alovlanaraq od topuna çevrildiyi görünür.
Yerli mətbuatın məlumatına görə, pilotlar qalxışdan sonra baş verən mühərrik nasazlığı səbəbindən hava limanına geri dönərək təcili eniş proseduruna başlayıblar.
Lakin dönüş manevri zamanı istifadə olunan uçuş-eniş zolağına əks istiqamətdən yaxınlaşmağa çalışan ekipaj təhlükəsiz enişi həyata keçirə bilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"


