Azərbaycan mədəni irsinə həsr olunmuş intellektual turnirin seçim mərhələləri başa çatıb

Azərbaycan mədəni irsinə həsr olunmuş intellektual turnirin seçim mərhələləri başa çatıb

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Quba rayonunun Digah kəndində tədbir təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, digah kənd tam orta ümumtəhsil məktəbində keçirilən sonuncu seçim turunda Quba rayonunun Digah, Alpan, Susay, Dağlı, Xucbala, Aşağı Xuc, Alekseyevka kəndlərində və Quba şəhərində yaşayan və təhsil alan 48 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdlərindən ibarət “RT-Team” komandası qazanıb. AşağıXuc kəndinin “Birlik” və Quba şəhər 2 nömrəli məktəb-liseyin “Fətəlixan” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində bu günə qədər Qusar, Xaçmaz, Şabran rayonlarında və Quba rayonunun 3 müxtəlif kənd ərazisində keçirilən seçim turlarında ümumilikdə 296 nəfər yeniyetmə və gənc iştirak edib. 

Layihə çərçivəsində sonuncu tədbirin – Nə? Harada? Nə zaman? turnirinin final mərhələsinin Quba rayonunda keçirilməsi planlaşdırılıb. Final mərhələsində Şabran rayonunu “Qarabağ”, “İntibah” və “Everest”, Xaçmaz rayonunu “Zəka”, “İstiqlal” və “Turan”, Qusar rayonunu “Yüksəliş”, “Şahdağ” və “Zirvə”, Quba rayonunu isə “İnvictus”, “Assassins Creed”, “Ümid”, “Rustov”, “Zirvə”, “Matriks”, “Atəşgah”, “Simurq”, “RT-Team”, “Birlik” və “Fətəlixan” komandaları təmsil edəcəklər.

"Cebheinfo.az"