Quru sərhədlər açıla bilər: Hələlik ancaq onlar üçün

Quru sərhədlər açıla bilər: Hələlik ancaq onlar üçün

Quru sərhədlərin uzun müddətdir bağlı qalması vətəndaşlar üçün bir sıra sosial və iqtisadi çətinliklər yaradıb. 

Bu problemlərdən biri də xaricə gediş-gəliş xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır. Xüsusilə təhsil, iş və ya ailə səbəbilə mütəmadi olaraq xaricə səfər edən şəxslər yalnız hava nəqliyyatından istifadə etmək məcburiyyətində qaldıqlarından əlavə maliyyə yükü ilə üzləşirlər. 

Yay mövsümünün yaxınlaşması və tədris ilinin başa çatması ilə minlərlə tələbə təhsil aldıqları ölkələrdən Azərbaycana qayıtmağa hazırlaşır. Lakin aviabiletlərin qiymətinin bəzi hallarda 600 manatdan başlaması tələbələrin və onların ailələrinin büdcəsinə ciddi təsir göstərir. 

Bu səbəbdən quru sərhədlərdən istifadəyə imkan verilməsi və ya ən azından tələbələr üçün xüsusi mexanizmlərin tətbiqi ilə bağlı çağırışlar yenidən gündəmə gəlir.

MüvəqQəti də olsa, yay və payız dönəmində xaricdə təhsil alan tələbələr üçün quru sərhədlərdən keçidlə bağlı xüsusi qaydaların tətbiqi mümkündürmü? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, quru sərhədlərin bağlı olması vətəndaşların xərclərini artırır: 

“Xaricdə təhsil alan tələbələr üçün hər yay təxminən 6 ildir ki, quru sərhədlərin bağlı olması problemi yenidən gündəmə gəlir. Bu, həqiqətən də ciddi problemdir. Təkcə Türkiyədə universitetlərdə təhsil alan 25 minə yaxın azərbaycanlı tələbə var. Müxtəlif mənbələr də bunu təsdiqləyir. Üstəlik, söhbət yalnız Türkiyədən getmir. 

Dünyanın müxtəlif ölkələrində təhsil alan minlərlə azərbaycanlı tələbə var. Tələbələrin yay tətilinin başlamasından sonra ölkəyə qayıtması böyük problemə çevrilir. Burada həm maddi xərclərdən, həm də əlavə əziyyətdən söhbət gedir. Təyyarə ilə Azərbaycana gəlmək çox baha başa gəlir və bu, tələbələrin əksəriyyəti üçün ciddi yük yaradır”. 

O qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gəlişi üçün xüsusi rejim tətbiq oluna bilər: 

“Ən azından Türkiyədə oxuyan tələbələrin Naxçıvana keçidinə imkan yaradılmalıdır. Çünki hazırda Naxçıvan-Türkiyə istiqaməti faktiki olaraq açıqdır. Lakin bu imkan əsasən Naxçıvan qeydiyyatında olan şəxslər üçün nəzərdə tutulub. 

Düşünürəm ki, tələbələr üçün xüsusi keçid mexanizmi təşkil olunmalıdır. Bu problem bu il də aktual məsələlərdən biri olacaq. Xüsusilə ayın 15-dən sonra universitetlərdə sessiyalar başa çatır və tətil elan olunur. Bu dövrdə tələbələrin Azərbaycana qayıtması üçün mütləq şərait yaradılmalıdır”. 

Gülər Həsənli 
“Cebheinfo.az”