Finlandiyanın müdafiə naziri: "Ukrayna PUA-larını vurmağa hazır olmalıyıq"
Finlandiyanın Müdafiə Naziri Antti Xəkkənen ölkəsinin, səhvən hava məkanına daxil ola biləcək Ukrayna pilotsuz uçuş aparatlarını (PUA) vurmağa hazırlığın vacibliyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, nazir Xəkkənen ERR xəbər agentliyinə verdiyi açıqlamada Finlandiya sərhədinə yaxın bölgələrdə Rusiyaya məxsus strateji hədəflərin yerləşdiyini qeyd edib.
Bu səbəbdən Ukraynanın həmin hədəfləri vurmağa çalışa biləcəyini və Ukrayna PUA-larının Finlandiya hava məkanına daxil olma ehtimalının istisna edilmədiyini ifadə edən Xəkkənen bu cür hadisələrin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.
Finlandiyanın Müdafiə Naziri belə bir vəziyyətdə PUA-ların təsbit edildiyi bölgədə mülki hava nəqliyyatı vasitələrinin olmamasını təmin etmək üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
"Helsingin Sanomat" qəzetinin daha əvvəl yaydığı xəbərə görə, Ukrayna bir dəfə səhvən hücum PUA-larını Finlandiya istiqamətinə göndərib. Kiyevin bu vəziyyət barədə Helsinkini məlumatlandırdığı və xəbərdarlıq etdiyi bildirilmişdi.
Bu hadisə Finlandiyanın hava məkanının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və Xəkkənenin bu açıqlamanı verməsinə zəmin yaradıb.
Nigar Hacılı
"Cebheinfo.az"


