CNN-in saxta xəbəri: "Təkzib verməli və üzr istəməlidir"
"CNN World" xəbər kanalının internet səhifəsində yayımlanan, Azərbaycanın guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarında istifadə edilməsi ilə bağlı iddialara etirazlar səngimir.
Azərbaycan rəsmi dairələri xəbərdə yer alan iddiaların həqiqəti əks etdirmədiyini və jurnalistika prinsipləri ilə bir araya sığmadığını bəyan ediblər.
Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) yaydığı bəyanatda bildirib ki, CNN özünün nüfuzunu ləkələməklə yanaşı, həm də hibrid müharibənin təbliğat aləti kimi çıxış edib:
"Bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır".
Azərbaycan Xarici İşlər Nazirliyi də dərhal məsələyə münasibət bildirib. Nazirlik qeyd edib ki, məlumat həqiqəti əks etdirmir, dezinformasiyadır. XİN də sözügedən xəbəri məqsədli informasiya manipulyasiyası kimi qiymətləndirib. Əslində CNN-nin bu qəbildən xəbərləri ilk deyil və əvvəllər də müxtəlif dairələrdə etirazlarla qarşılanıb.
Əsas məqamlardan biri də anonim mənbələrə əsaslanan bu tip xəbərlərin beynəlxalq mediada nə qədər etibarlı hesab olunmasıdır.
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında siyasi şərhçi, Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət bildirib ki, sözügedən materialı diqqətlə təhlil edib və jurnalistika prinsipləri baxımından qiymətləndirib.

O bildirib ki, CNN-in materialında jurnalistika prinsipləri pozulub:
“CNN-dəki həmin materialı mən də diqqətlə oxumuşam və ona jurnalistika gözü ilə nəzər yetirmişəm. Çünki istənilən məlumat jurnalistika standartlarına uyğun hazırlanmalıdır ki, saxtakarlıq və manipulyasiya olmasın.
Təəssüf ki, CNN-in sözügedən materialında dörd ayrı mənbəyə istinad edilir, amma dördü də anonimdir. Yəni faktiki olaraq nəinki mənbələrin adı açıqlanmır, hətta işarə belə verilmir ki, o mənbələr hansı qurum və ya çevrələrə aid ola bilər.
Bu, bir. İkincisi, CNN Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək bu iddialarla bağlı mövqe öyrənib. Nazirlik isə rəsmi şəkildə, kifayət qədər aydın və anlaşıqlı formada məlumat bildirib ki, sözügedən məlumat saxtadır və əsassızdır. Yəni heç bir fakta söykənməyən məlumatdır”.
Media eksperti əlavə edib ki, CNN məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini öyrənsə də, nazirliyin açıqlamasına materialda kifayət qədər yer ayırmayıb:
“Təəssüf ki, CNN Xarici İşlər Nazirliyinin bu mövqeyini cəmi bir cümlə ilə qeyd etməklə kifayətlənib. Bununla yanaşı, məqalənin davamında yenidən anonim mənbələrə istinad edərək Azərbaycanın guya öz ərazisində İsrailin hərbi və kəşfiyyat qüvvələrini yerləşdirdiyini, həmin imkanlardan isə İrana qarşı istifadə olunduğunu iddia edib.
Faktiki olaraq burada jurnalistikanın bütün prinsipləri ayaqlar altına atılıb. Məhz buna görə də Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi bu idi ki, onlar təkzib verilməli və həqiqət ictimaiyyətə çatdırılmalıdır”.
Azər Həsrət vurğulayıb ki, CNN Azərbaycan dövlətindən üzr istəməlidir:
“Mən də hər halda yetərincə təcrübəsi olan bir ictimai fəal, eyni zamanda jurnalist, xüsusən də beynəlxalq qurumlarla işləyən biri kimi hesab edirəm ki, əgər CNN özünə hörmət edirsə, mütləq təkzib verməli və Azərbaycan dövlətindən üzr istəməlidir. Bu, böhtan, şər və yalan məlumatdır.
Məlumatın yalan olması bir yana, əgər onlar bunun həqiqətə uyğun olmadığını bilə-bilə yayıblarsa, bu artıq jurnalistika deyil. Onu da qeyd etmək istəyirəm ki, ABŞ Prezidenti Donald Tramp CNN-i dəfələrlə "fake news media" (saxta xəbər mediası) adlandırıb.
Həqiqətən də CNN bu cür yanaşması ilə Donald Trampın söylədiklərini növbəti dəfə təsdiqləmiş oldu. Bu hadisə bir daha göstərdi ki, CNN saxta xəbər mediasıdır. Biz illərdir CNN və ona bənzər bəzi media qurumlarının saxta xəbərçiliklə məşğul olduğu ilə bağlı narahatlıqlarımızı dilə gətiririk və bu gün də həmin mövqedəyik.
Təəssüf ki, Azərbaycanın daxilində də bəzi şəxslər bizi ittiham edərək bildirirlər ki, guya dünyaca tanınan media qurumlarını əsassız şəkildə tənqid edirik. Lakin buyurun, faktın daha biri, həm də çox biabırçı tərzdə təqdim edilmiş bir material bir daha göstərdi ki, CNN-in jurnalist peşəkarlığı ilə bağlı ciddi suallar mövcuddur”.
O bildirib ki, CNN-in fəaliyyəti jurnalistikadan daha çox siyasi kampaniyaçılığı xatırladır:
“Yeri gəlmişkən, onu da xüsusi vurğulamaq istəyirəm ki, CNN siyasi kampaniyaçılıqla məşğul olan bir mediadır. Bu da heç kimə sirr deyil. Kanal ABŞ daxilində açıq şəkildə anti-Tramp mövqedən çıxış edir. Tənqid etmək başqa məsələdir və ABŞ-də media azaddır, bunu edə bilərlər.
Amma bir media qurumunun faktiki olaraq müəyyən siyasi düşərgəyə daha geniş meydan verməsi və davamlı şəkildə birtərəfli yanaşma nümayiş etdirməsi artıq jurnalistikanın obyektivlik prinsipləri baxımından müzakirə mövzusuna çevrilir. Yəni bu, artıq media fəaliyyəti deyil.
Korporativ, şəxsi, bizə bəlli olmayan hansısa maraqlara xidmətdir. Hətta qorxuram ki, CNN artıq terroru dəstəkləyən İra rejiminin, yəni fars molla hakimiyyətinin maraqlarına xidmət edir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


