Zəlzələ və sunami təhlükəsi: Yüzlərlə yaralı var
Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ilkin məlumata görə 4 nəfər həyatını itirib, 200-dən çox insan yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) açıqlamasına görə, Sarangani əyalətinin Soccsksargen bölgəsində yerləşən Kablalan rayonundan 26 kilometr cənub-qərbdə 7,8 bal gücündə yeraltı təkan qeydə alınıb. USGS zəlzələnin 55,2 kilometr dərinlikdə baş verdiyini bildirib.
Zəlzələdən sonra 4,6–6,5 bal arasında 10 afterşok qeydə alınıb. Bölgədə və ətraf ölkələrdə sunami riski ilə bağlı xəbərdarlıqlar edilib. Zəlzələdən sonra Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun direktoru Teresito Bakolkol “Associated Press”-ə açıqlamasında bildirib ki, Sultan Kudarat və Sarangani əyalətlərində yerləşən sunami müşahidə stansiyaları sahildə 1 metr hündürlüyündə dalğalar qeydə alıb.
Filippin Prezidenti Ferdinand Markos Jr. sunami təhlükəsinə məruz qala biləcək ərazilərdə yaşayan vətəndaşları dərhal yüksək bölgələrə getməyə çağırıb. Prezident hökumətin vəziyyətə müdaxilə etdiyini və fövqəladə hallara cavab qurumlarının hazır vəziyyətdə saxlanıldığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"


