Paşinyan: “Xalq sülhə sahib çıxdı”

Paşinyan: “Xalq sülhə sahib çıxdı”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində xalqın öz səsləri ilə dövlətə, müstəqilliyə, gələcəyə və sülhə sahib çıxdığını bildirərək, “Müharibənin üçlü partiyası ağır məğlubiyyətə uğrayıb” deyib.

"Cebheinfo.az" "Armenpress"-ə istinadən xəbər verir ki, Paşinyan 2025-ci il büdcəsi ilə bağlı parlamentdə keçirilən iclasda seçkilərin nəticələrinə münasibət bildirib.

Seçkilərin nəticələri münasibətilə Ermənistan xalqını təbrik edən Paşinyan qeyd edib:

“Ermənistan xalqı öz səsi ilə dövlətə sahib çıxdı, müstəqilliyə sahib çıxdı, gələcəyə sahib çıxdı, sülhə sahib çıxdı və Ermənistan Respublikasına sahib çıxdı. Müharibənin üçlü partiyası ağır məğlubiyyətə uğrayıb. Xalq müharibə tərəfdarlarının və onlarla əlaqəli cinayətkar-oliqarx sistemin Ermənistandan tamamilə aradan qaldırılması istiqamətindəki iradəsini açıq şəkildə ortaya qoyub”.

Paşinyan bildirib ki, bu məsələ siyasi çoxluğun və hökumətin əsas gündəm mövzularından biri olacaq:

“Biz bunu gecikdirmədən, qətiyyətli və aydın addımlarla həyata keçirəcəyik”.

Baş nazir rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının parlamentdə çoxluğa sahib olacağını və hökuməti formalaşdıracağını vurğulayıb.

O, bu məsələnin qarşıdakı aylarda daha ətraflı müzakirə ediləcəyini qeyd edib.

Ermənistanda keçirilən parlament seçkilərində səslərin sayılması başa çatıb. Nəticələrə əsasən, Paşinyanın “Mülki Müqavilə” partiyası 105 mandatdan 61-ni qazanaraq parlamentdə təkbaşına çoxluq əldə edib.

Partiyanın səslərin 49,81 faizini topladığı açıqlanıb.

Səslərin 23,29 faizini Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku, 9,94 faizini isə sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku qazanıb. “Çiçəklənən Ermənistan” partiyası isə səslərin 4 faizini əldə edib.

Parlament seçkilərinin rəsmi nəticələrinin bu gün açıqlanması gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"