“Kupça” tələbi ləğv edilə bilər?
Ölkədə bir çox sahələrdə ilkin sənəd olaraq daşınmaz əmlakla bağlı mükiyyətə dair çıxarış- “kupça” tələb olunur.
Belə ki, əgər vətəndaş yaşadığı mənzilə qeydiyyata düşmək istəyirsə, daşınmaz əmlakını sığortalatmak niyyətindədirsə, yaxud uşaqları uşaq bağçasına və ya məktəbə gedəcəksə, “kupça”nın olması əsas şərtdir. Qeyd edək ki, hazırda ölkədə 800 minə yaxın evin “kupça”sı yoxdur və bu da həmin evlərin bir sıra sahələrdən yararlanmaq imkanının qarşısını alır.
Bugünlərdə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Milli Məclisin iclasında çıxışında daşınmaz əmlakın sığortası ilə bağlı məsələyə toxunub:
“Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram.
Bu, artıq təsadüf deyil, ciddi sosial problemdir. Hər dəfə həmin ailələrə eyni sualı verirəm ki, əmlak sığortanız varmı? Cavab isə demək olar ki, həmişə “yox” cavabı olur”. Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır.
Yəni bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilərdi. Amma nəticədə insanlar bütün əmlakını itirir, sonra isə dövlətin və cəmiyyətin üzərinə əlavə yük düşür. Bu vəziyyət göstərir ki, burada təkcə vətəndaş məsuliyyəti deyil, həm də sistemli yanaşma çatışmır”.
Sistemli yanaşma zamanı hər məsələnin həlli üçün tələb olunan "kupça" asılılığını aradan qaldırmaq olarmı və bunun üçün qanunlara dəyişikliklər mümkündürmü?
Məsələ ilə bağlı hüquqşünas Roman Qaraşov “Cebheinfo.az”-a bildirib ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrindən çıxarış vasitəsilə legitimləşdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinin imperativ tələbi olmaqla, mülki dövriyyənin sabitliyinin və hüquqi müəyyənlik prinsipinin yeganə təminatıdır:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə rəğmən, daşınmaz əmlaka dair hüquqlar yalnız dövlət qeydiyyatına alındığı andan yarandığı üçün, sığorta subyektləri, qeydiyyat orqanları və digər institutlar tərəfindən bu sənədin əsas şərt kimi tələb olunması hüquqi cəhətdən tamamilə əsaslıdır.
Reyestr şəffaflığı təmin edilmədən, əmlakın üzərində kənar şəxslərin hüquqlarının (girov, həbs və s.) olub-olmadığını qanuni identifikasiya etmək qeyri-mümkündür. Bu səbəbdən qanunvericilik dəyişikliyi ilə çıxarış asılılığının aradan qaldırılması mülkiyyət toxunulmazlığı institutunu zəiflədə və kütləvi hüquqi disbalansa yol aça bilər.
Bununla belə, sənədsiz tikililərin hüquqi statusunun qeyri-müəyyənliyi fonunda inzibati icraatda bu tələbin olduğu kimi, tətbiqi kolliziyalar yaradır ki, bunun da fundamental həlli dövlət şəhərsalma və tikinti nəzarəti mexanizmlərinin kəskin şəkildə sərtləşdirilməsini tələb edir”.
O qeyd edib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə zidd olaraq, mühafizə zonalarında, magistral mühəndis-kommunikasiya xətlərinin üzərində və ya xüsusi təyinatlı torpaqlarda, yəni hüquqi baxımdan çıxarışın verilməsi perspektivi ümumiyyətlə istisna olunan ərazilərdə qanunsuz obyektlərin inşasına preventiv qaydada icazə verilməməlidir:
“Mövcud kolliziyalı tikililər barəsində isə dövlət tərəfindən qəti və alternativsiz hüquqi tədbirlər görülməli, qanunsuz tikililər ya imperativ qaydada sökülməli, ya da ictimai ehtiyaclar mülki-hüquqi müstəvidə əsaslandırılmaqla ekvivalent kompensasiya ödənilərək mülki dövriyyədən kənarlaşdırılmalıdır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”


