Pulsuz işıq dövrü gəlir: Vətəndaş elektrik enerjisini özü istehsal edə bilər

Pulsuz işıq dövrü gəlir: Vətəndaş elektrik enerjisini özü istehsal edə bilər

Çin şirkəti bir neçə həftə ərzində Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin tikintisinə başlayacaq. 

Bunu Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib. Onun sözlərinə görə, onun ilkin gücü ildə 3 giqavat olacaq və tədricən 10 giqavata qədər artacaq: 

"Bu istehsal təkcə Azərbaycan üçün deyil, lakin əminəm ki, bu, günəş elektrik stansiyalarının və günəş enerjisinin qiymətini aşağı salacaq”. 

Hazırda bir sıra dünya ölkələrində alternativ enerjidən istifadə geniş miqyas alıb və vətəndaşlar fərdi qaydada belə, evlərin enerjiyə olan tələbatını təmin etmək üçün günəş panellərindən istifadə edirlər. Bu da bir faktdır ki, həmin günəş panellərinin quraşdırlması üçün müəyyən məbləğdə vəsait tələb olunur. 

Günəş panelləri vətəndaşların müraciəti ilə dövlət tərəfindən kreditlə və ya pulsuz quraşdırıla bilərmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması Azərbaycanın yaşıl enerji strategiyası baxımından çox mühüm addımdır: 

“Planlaşdırılan hədəflərə görə, İllik 3 giqavat istehsal gücü ilə fəaliyyətə başlayacaq və sonradan 10 giqavata qədər genişlənəcək belə bir müəssisə region üçün də əhəmiyyətli istehsal mərkəzinə çevrilə bilər. 

Bu layihənin ən mühüm nəticələrindən biri günəş panellərinin maya dəyərinin və bazar qiymətlərinin aşağı düşməsi ola bilər. Yerli istehsal hesabına logistika və idxal xərcləri azalacaq, texnologiyaya çıxış daha əlçatan olacaq. Bu isə həm biznes subyektlərinin, həm də vətəndaşların alternativ enerji həllərinə marağını artıracaq”. 

İqtisadçı hesab edir ki, gələcəkdə dövlət tərəfindən vətəndaşların fərdi yaşayış evlərində günəş panellərinin quraşdırılmasını təşviq edən xüsusi mexanizmlərin tətbiqi məqsədəuyğun olardı: 

“Bu dəstək məncə müxtəlif formalarda həyata keçirilə bilər. Belə ki, uzunmüddətli və aşağı faizli güzəştli kreditlər,dövlət tərəfindən qismən subsidiya proqramları, müəyyən sosial qruplar üçün qrant və ya kompensasiya mexanizmləri və istehlakçıların artıq istehsal etdikləri enerjini elektrik şəbəkəsinə satmasına imkan verən sistemlərin genişləndirilməsi səmərəli variantlar ola bilər. 

Tamamilə pulsuz quraşdırma proqramlarının bütün əhali üçün tətbiqi dövlət büdcəsi baxımından çətin görünür. Lakin aztəminatlı ailələr, şəhid ailələri, qazilər və digər həssas sosial qruplar üçün belə proqramların həyata keçirilməsi mümkündür”. 

Ekspert fikrincə, ən vacib məsələ odur ki, günəş panelləri artıq təkcə ekoloji deyil, həm də iqtisadi alətə çevrilir: 

“Vətəndaş öz evinin damında elektrik enerjisi istehsal etməklə aylıq xərclərini azalda, hətta müəyyən hallarda əlavə gəlir əldə edə bilər. Dünyanın bir çox ölkəsində bu model uğurla tətbiq olunur və hesab edirəm ki, Azərbaycan da növbəti mərhələdə məhz bu istiqamətdə addımlar atmalıdır. 

Uzunmüddətli perspektivdə minlərlə ev təsərrüfatının günəş enerjisindən istifadə etməsi ölkənin elektrik enerjisinə olan daxili tələbatını azaldar, enerji səmərəliliyini yüksəldər və dövlətin yeni elektrik istehsal güclərinə yönəltməli olduğu investisiya yükünü də müəyyən qədər azalda bilər. 

Bu baxımdan, günəş panellərinin əhali üçün əlçatanlaşdırılması həm iqtisadi, həm sosial, həm də enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”