Kreml düyməyə basdı: İrəvanı silkələyəcək sözlər
Ermənistada keçirilən parlament seçkisindən sonra Rusiya ilə münasibətlərin inkişafı maraq doğurur.
Rusiya əvvəlcə seçki nəticələrinin rəsmən elan olunmasını gözlədiyini bildirsə də, artıq ilk reaksiyalar var.
"Ermənistandakı parlament seçkiləri müxalifətə görünməmiş təzyiq və Qərbin müdaxiləsi ilə müşayiət olunub".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
“Seçkilər hakimiyyət tərəfindən müxalifətə görünməmiş təzyiqlə müşayiət olunub”, - deyən Zaxarova əlavə edib ki, bunlar misli görünməmiş Qərb müdaxiləsi ilə baş verib.
Bu bəyanatla Rusiya Ermənistana müdaxilə üçün zəmin hazırlayır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Zaxarovanın bu bəyanatı Rusiyanın geosiyasi aqressiyasının göstəricisidir.

O qeyd edib ki, Moskva Ermənistanda seçkilərin legitimliyini sual altına almağa çalışır:
“Mariya Zaxarovanın Ermənistandakı parlament seçkiləri ilə bağlı verdiyi bu kəskin bəyanat Moskvanın Cənubi Qafqaz strategiyasında itirdiyi rıçaqlara qarşı nümayiş etdirdiyi geosiyasi aqressiyanın və diplomatik məyusluğun göstəricisidir.
Rusiya bu cür ritorika ilə həm seçkinin nəticələrini legitimlikdən salmağa çalışır, həm də İrəvanın Qərbə tərəf sürətli meyillərinə qarşı gələcək basqı mexanizmləri üçün informasiya zəmini hazırlayır”.
Politoloqun sözlərinə görə, “Qərbin müdaxiləsi” iddiası Kremlin seçki uğursuzluğunu gizlətmək cəhdidir:
“Kreml bu seçkilərdə böyük siyasi və maliyyə sərmayəsi qoyduğu rusiyayönümlü qüvvələrin, -xüsusilə revanşist müxalifət bloklarının və Moskvadakı erməni oliqarxiyasının dəstəklədiyi layihələrin hakimiyyətə gəlməsini, yaxud ən azı parlamentdə həlledici rıçaq əldə etməsini hədəfləyirdi.
Lakin seçki nəticələri Nikol Paşinyanın Qərbə inteqrasiya xəttini seçən komandasının mövqelərini qoruması, Moskvanın “stavka” etdiyi qüvvələrin isə darmadağın olması ilə nəticələndi. Zaxarovanın bəyanatı bu uğursuzluğu ört-basdır etmək və məsuliyyəti "Qərbin görünməmiş müdaxiləsi"nin üzərinə atmaq cəhdidir”.
Tural İsmayılov vurğulayıb ki, Rusiya hərbi və ya asimmetrik müdaxilə etməzdən əvvəl həmişə hədəf ölkədə "hakimiyyətin qeyri-legitimliyi", "müxalifətə və xalqın iradəsinə təzyiq", eləcə də "xarici güclərin regionu Rusiyaya qarşı plasdarma çevirməsi" barədə doktrinal tezislər irəli sürür:
“Mövcud geosiyasi mənzərədə Rusiyanın Ermənistana qarşı birbaşa, klassik mənada hərbi müdaxiləsi çətin görünür, çünki Moskva Ukrayna cəbhəsində ciddi resurslar xərcləyir və Ermənistanla birbaşa quru sərhədinə malik deyil.
Lakin Rusiyanın Ermənistanda hələ də 102-ci hərbi bazası, sərhəd qoşunları, həmçinin ölkənin enerji, logistika və dəmir yolu şəbəkələrində tam inhisarı mövcuddur. Kreml hərbi müdaxilədən daha çox iqtisadi embarqolar, qaz təchizatının kəsilməsi, rəqəmsal təxribatlar və ölkə daxilindəki "beşinci kolon" vasitəsilə dövlət çevrilişinə cəhd kimi hibrid müharibə alətlərini işə salmağa zəmin hazırlayır”.
Politoloq bildirib ki, Moskvanın İrəvan siyasətində yeni və daha sərt mərhələnin siqnalları verilir:
“Nəticə etibarilə, bu bəyanat Rusiyanın Ermənistanı öz orbitində saxlamaq üçün son şanslarından birini siyasi müstəvidə itirdiyini qəbul etməsidir. Moskva İrəvanın KTMT və Avrasiya İqtisadi İttifaqından faktiki qopmasını və Qərblə təhlükəsizlik formatlarını dərinləşdirməsini seyr etmək niyyətində deyil.
Zaxarovanın sözləri yaxın dövrdə Ermənistanın ciddi daxili siyasi silkələnmələrə, sabotajlara və Rusiyanın asimmetrik təzyiqlərinə məruz qalacağının, yəni hibrid bir müdaxilənin aktiv mərhələsinə keçid edildiyinin anonsudur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


