Pasiyentlərin məlumatları belə qorunacaq
"Tibb Rəqəmsal Əkiz Sistemi çərçivəsində vətəndaşların fərdi sağlamlıq məlumatlarının mühafizəsi məqsədilə qabaqcıl kibertəhlükəsizlik həlləri tətbiq ediləcək.
Rəqəmsal transformasiyanın sürətlənməsi ilə məlumat təhlükəsizliyi məsələləri daha böyük əhəmiyyət kəsb etdiyindən, bu istiqamət sistemin əsas prioritetlərindən biri kimi müəyyən olunub".
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
O qeyd edib ki, sistem daxilində elektron identifikasiya alətləri istifadəyə veriləcək, məlumatların təhlükəsiz idarə olunması və nəzarətli istifadəsi təmin ediləcək:
“Məlumatların saxlanılması və ötürülməsi proseslərində beynəlxalq standartlara və müasir kibertəhlükəsizlik prinsiplərinə uyğun yanaşmalar tətbiq olunacaq. Bu tədbirlər pasiyent məlumatlarının icazəsiz müdaxilə və giriş cəhdlərindən qorunmasına imkan verəcək.
Həyata keçirilən təhlükəsizlik mexanizmləri vətəndaşların şəxsi məlumatlarının məxfiliyinin qorunmasına, eyni zamanda sistemə olan etimadın və onun ümumi etibarlılığının gücləndirilməsinə xidmət edəcək”.
Gülər
“Cebheinfo.az”

