Cənubi Afrikada silahlı hücum: 12 nəfər həlak oldu
Cənubi Afrika Respublikasında baş verən silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Yohannesburqun şərqində yerləşən Klivlend bölgəsindəki "Jumpers" adlı qeyri-rəsmi yaşayış məntəqəsində dünən yerli vaxtla saat 23:10 radələrində baş verib.
Cənubi Afrika Polisi tərəfindən verilən məlumata görə, ağ rəngli avtomobillə ərazidəki yanacaqdoldurma məntəqəsinin yaxınlığına gətirilən 10-dan çox ağır silahlı şəxs yaşayış məntəqəsinə iki fərqli giriş nöqtəsindən daxil olub.
Hücumçular ərazi boyunca irəliləyərək bir neçə nöqtədə sakinlərə atəş açıb, daha sonra həmin avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Hadisə ilə bağlı daxil olan məlumat əsasında əraziyə göndərilən təcili tibbi yardım və polis əməkdaşları 8 kişi və 3 qadının hadisə yerində öldüyünü müəyyən ediblər.
Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan bir kişinin də həyatını itirməsi ilə ölənlərin sayı 12-yə yüksəlib.
Silahlı hücum zamanı yaralanan 9 nəfərin müxtəlif xəstəxanalarda müalicə aldığı bildirilib.
Polis qaçan hücumçuların saxlanılması üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Rəsmilər hadisənin motivinin hələlik məlum olmadığını və bunun davam edən istintaqın əsas istiqamətlərindən biri olduğunu açıqlayıblar.
Nigar Hacılı
"Cebheinfo.az"

