Bir diplomla bütün türk dövlətlərində işləmək olacaq
Son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənir.
Hazırda bu istiqamətdə prioritet olan sahələrdən biri də təhsildir. Bugünlərdə Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb.
Burada Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclasında "Türk dünyası vizyonu – 2040", "TDT Strategiyası 2022–2026", eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Görüş zamanı türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində həyata keçirilən layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, iclasda ümumi təhsil sahəsində şagird və müəllim mübadilə proqramları da daxil olmaqla, birgə əməkdaşlıq imkanları müzakirə edilib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycanın Türk dünyasında ali təhsil sahəsində daha sistemli institusional əməkdaşlığın qurulmasına dair təşəbbüsünü təqdim edib.
Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə diplomların tanınmasını asanlaşdıra və bütün TDT məkanında tanınan diplomların verilməsinə gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, təhsil sahəsində alınmış qərar müvafiq olaraq Türk dünyası ali təhsil məkanının yaradılması istiqamətindədir:

“Nəticə etibarilə bütün türkdilli dövlətlərin vahid platformadan istifadə, eyni zamanda konkret olaraq tələbə mübadiləsinin aparılması əsas diqqətdə saxlanılan məsələdir. Bu da diplomların qarşılıqlı tanınmasından tutmuş ikili diplomların tətbiqini nəzərdə tutur.
Bizim Türkiyə ilə bu istiqamətdə əməkdaşlığımız var. Türkiyənin bir neçə universiteti var ki, hazırda ikili diplom proqramı tətbiq olunur. Ege Universiteti, Dokuz Eylül Universiteti, Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Ankara Universiteti ilə ikili diplom proqramlarımız var”.
O qeyd edib ki, növbəti mərhələdə Qazaxıstan, Özbəkistan, eyni zamanda digər türkdilli dövlətlərə bu proqramların tətbiqi nəzərdə tutulur.
Nigar Abdullayeva
“Cebheinfo.az”

